AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “İraq türkmanlarının tarixi və etnologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbiri giriş sözü ilə açaraq İraq türkmanlarının tarixi və etnoloji baxımdan tədqiqinin institutun prioritet elmi məsələlərindən biri olduğunu bildirib, bu istiqamətdə aparılan elmi tədqiqatların vacibliyinin vurğulayıb. İnstitutun direktoru belə tədbirlərin türk dünyasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə, yeni əməkdaşlıq ideyalarının ortaya çıxmasına xidmət etdiyini dedi.
Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “İraqda türklərə aid tarixi abidələr” mövzusunda çıxış edərək bu abidələrin türk mədəni irsinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
Beynəlxalq elmi seminarda İraq və Türkiyədən çıxışçı və iştirakçılar onlayn şəkildə iştirak ediblər. İraqdan beynəlxalq tədbirə qoşulan yazıçı, jurnalist və tərcüməçi Mehmet Haşim Salihi “Türkmanların İraq və Orta Şərqdə olan varlığı” barədə fikirlərini bölüşüb, Kərkük türkmənlərinin vəziyyətindən, Azərbaycan və İraq əlaqələrinin perspektivlərindən danışıb.
Türkiyədən onlayn şəkildə tədbirdə iştirak edən alim Ali Semin “Türkmanların Orta Şərqdəki indiki durumu və gələcəyi” mövzusunda çıxış edərək belə tədbirlərin qarşılıqlı əlaqələrin inkişafına xidmət göstərdiyini, mənəvi bağları daha da gücləndirdiyini söyləyib.
Daha sonra tədbirdə politoloq Araz Qurbanov “İraq türkmanları azərbaycanlı politoloqun gözü ilə”, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı f.ü.f.d., dos. Orxan İsayev “Türkman etnoniminin tarixi mənbələrdə əksi”, AMEA Folklor İnstitutunun əməkdaşı, f.ü.f.d., dos. Səkinə Qayıbalıyeva “Sovet dövrü İraq-türkman ədəbiyyatının folklor qaynaqları” adlı məruzələrlə çıxış ediblər.
Seminar müzakirələrlə davam edib, iştirakçılar fikir mübadiləsi apardılar, sonda tədbirin əhəmiyyəti bir daha vurğulanıb və gələcək elmi əməkdaşlıqlar üçün geniş imkanların olduğu qeyd edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.