Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.04.2026 10:06
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri beynəlxalq konfransda çıxış ediblər

Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri beynəlxalq konfransda çıxış ediblər

Qazaxıstan Respublikasının A.X.Marqulan adına Arxeologiya İnstitutunun təşkilatçılığı ilə hibrid formatda keçirilən “Axınjanov oxuları” adlı beynəlxalq elmi konfransda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri Günel Vəliyeva və Vüsalə Beydullazadə iştirak ediblər.

Konfransın I bölməsində institutun elmi işçisi, doktorant Günel Vəliyeva “Orta Tunc dövrü Üzərliktəpə məskəninin təsərrüfat və mərasim keramikasının texnoloji və funksional fərqləri” (“Технологические и функциональные различия хозяйственной и парадной керамики поселения Узерликтепе эпохи средней бронзы”) mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Qarabağ ərazisində yerləşən Üzərliktəpə yaşayış yerindən əldə olunmuş keramika materialları əsasında təsərrüfat və mərasim təyinatlı qabların texnoloji və funksional xüsusiyyətləri müqayisəli şəkildə təhlil edilib. Tədqiqat zamanı bu iki qrup keramika arasında xammal seçimi, hazırlanma texnologiyası və forma xüsusiyyətləri baxımından mövcud fərqlər nəzərdən keçirilib.

Konfransın IV bölməsində institutun elmi işçisi, doktorant Vüsalə Beydullazadə “Naxçıvanda yeni aşkar edilmiş Qızıl Orda və Elxanilər dövrünə aid türbələr barədə” (“On the newly discovered mausoleums from the Golden Horde and Ilkhanid periods in Nakhchivan”) mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Naxçıvan ərazisində yerləşən Xaraba Gilan yaşayış yerində aparılmış arxeoloji tədqiqatlar əsasında monqol dövrünə aid türbələrin memarlıq xüsusiyyətləri və maddi mədəniyyət nümunələri təhlil edilib. Tədqiqat zamanı aşkar olunmuş bəzəkli kərpiclər, kaşı fraqmentləri və tekstil qalıqları tipoloji və texnoloji baxımdan araşdırılıb, onların funksional və dekorativ xüsusiyyətləri müəyyən edilib.

Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: