Aprelin 28-də AMEA prezidenti, akademik Akif Əlizadə Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayevlə görüşüb.
Akademik Akif Əlizadə qonağı salamlayaraq yeni vəzifəyə təyin olunması ilə əlaqədar onu təbrik edib. AMEA-nın prezidenti respublikamızda elmin inkişafı naminə aparılan islahatlar, əldə olunmuş nəticələr barədə, eləcə də iki ölkə arasında elm sahəsində mövcud olan əməkdaşlıqdan danışıb. O qeyd edib ki, hər iki ölkədə neft və qaz geologiyası sahəsində elmi tədqiqat işlərinə xüsusi diqqət yetirilir. Akademik bildirib ki, AMEA bu istiqamətdə Türkmənistan Elmlər Akademiyası ilə mövcud olan əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir.
Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayev çıxış edərək səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında verdiyi dəstəyə görə təşəkkür edib. Meret Aşırbayev rəhbəri olduğu qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Türkmənistan Elmlər Akademiyasının strukturuna üç bölmə və doqquz institut daxildir. O qeyd edib ki, hazırda TEA-da nanotexnologiyalar, kimyəvi texnologiyalar, yeni materialların öyrənilməsi və energetika, biotexnologiyalar, molekulyar biologiya, İKT, tibb, innovativ iqtisadiyyat və digər elmi istiqamətlərdə təxminən 70 akademik, 100 müxbir üzv çalışır. Qonaq, həmçinin TEA-nın tərkibində fəaliyyət göstərən Texnoloji Mərkəz haqqında məlumat verərək burada fiziki-kimyəvi, neft-kimya, neft-qaz üzrə analizlərin həyata keçirildiyini bildirib. Qeyd edilib ki, bu müəssisənin AMEA-da analogiyası kimi Fənlərarası Analitik Mərkəzi göstərmək olar.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, AMEA TEA-nın Dil və ədəbiyyat, Humanitar elmlər, Əlyazmalar institutları ilə birgə layihələr həyata keçirilir. AMEA adıçəkilən institutlarla birlikdə böyük türkmən şairi Məhtimqulu Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ını nəşrə hazırlayıb. Akademik İsa Həbibbəyli bildirib ki, hazırda ikicildlik “Türkmən ədəbiyyatı” antologiyasının nəşri üzərində işlər aparılır.
Görüşdə qeyd olunub ki, gələcəkdə birgə elmi-tədqiqatların aparılması, nəşr layihələrinin həyata keçirilməsi, konfrans və seminarların təşkili hər iki ölkə alimlərinin daha mühüm elmi nailiyyətlər əldə etməsində böyük rol oynayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.