Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.04.2026 17:35
  • A-
  • A
  • A+

“Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyi. Təşəkkülü, fəaliyyəti, taleyi” mövzusunda elmi seminar keçirilib

“Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyi. Təşəkkülü, fəaliyyəti, taleyi” mövzusunda elmi seminar keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyi. Təşəkkülü, fəaliyyəti, taleyi” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü institutda keçirilən seminarların əhəmiyyətini qeyd edib, bu cür seminarların həmişə dinləyici gənc alimlərə böyük faydasının olduğunu bildirib.

Seminarın sədri, institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımov institutun keçirdiyi seminarlarda həm təcrübəli tanınmış alimlərin, həm də gənc tədqiqatçıların iştirak edəcəyini bildirib və bugnkü seminarda tanınmış tarixçi-şərqşünas, professor Solmaz Rüstəmova-Tohidinin “Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyi. Təşəkkülü, fəaliyyəti, taleyi” mövzusunda məruzə edəcəyini qeyd edib.

İnstitutun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi  seminarda Azərbaycan Cümhuriyyətinin İranda səfirliyinin açılmasından tutmuş bağlanmasınadək fəaliyyətindən ətraflı danışıb. O, ilk olaraq, səfirliyin açılması ərəfəsində İran mətbuatında cümhuriyyətin “Azərbaycan” adı ilə bağlı yazılanları, bu yazılarda qeyd edilən əsas müddəaları diqqətə çatdırıb. Məruzəçi həmçinin “Azərbaycan” məsələsinə dair İran tərəfinin iddialarını, Məhəmməd Əmin Rəsulzadənin bunlara cavablarını, eləcə də  “Azərbaycan” qəzeti səhifələrində bu mövzunu gündəmdə saxlayan Yusif Vəzir Çəmənzəminlinin, Üzeyir Hacıbəylinin fikirlərini təqdim edib. Məruzədə həmçinin İran dövlətinin cümhuriyyətin «Azərbaycan» adına  münasibəti, eləcə də cənub qonşumuzun rəsmi-diplomatik sənədlərində əsas tutduğu müddəalar da nəzərə çatdırılıb.

S.Rüstəmova-Tohidi İranda Azərbaycan səfirliyinin açılması haqda qərar, İrana ilk diplomatik missiya, onun Tehranda qəbulu, səfirliyin açılması, Azərbaycan səfirinin İran rəsmiləri ilə ilk ünsiyyəti barədə məlumat verib, İranın rəsmi şəxslərinin qəbulları, Tehrandakı xarici missiyaların rəhbərləri ilə görüşlər, səfirliyin fəaliyyətinin digər məqamları barədə də danışıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: