Aprelin 27-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində FHN Cənub Regional Mərkəzi ilə birgə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran REM-in direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev qonaqları salamladıqdan sonra iştirakçıları gündəliklə tanış edib.
Daha sonra məruzələr dinlənilib.
FHN CRM-nin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Ramin Rzayev “FHN-nin fəaliyyət istiqamətləri”, Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov “Çimərlikdə təhlükəsizlik qaydaları, ildırım, dəm qazı, zəlzələ, sel və daşqın, 112 qaynar xətti”, Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, mayor Elşən Ələkbərov “Nüvə silahı və onun zədələyici amilləri” və Cənub Regional DYNİ DYNŞ-nin inspektoru, daxili xidmət kapitanı İsa Məmmədov “Məişətdə yanğın zamanı davranış və odsöndürücü balondan istifadə qaydaları” mövzularında çıxışlar edərək tədbir iştirakçılarına geniş məlumatlar veriblər.
Natiqlər əhali arasında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması, mülki-müdafiə işinin təşkili, eləcə də fövqəladə hallar zamanı (çimərlik, ildırım, dəm qazı, zəlzələ, sel və daşqın, nüvə silahı, odsöndürücü balondan istifadə və s.) düzgün davranış qaydalarının təbliği məqsədilə FHN-nin regionda fəaliyyət göstərən qurumları tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, baş verə biləcək fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində Mərkəz ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyindən, yanğına qarşı mübarizə tədbirlərindən, hansı hadisələr zamanı 112 qaynar telefon xəttinə zəng etməyin zəruriliyindən söz açıblar.
Mövzularla əlaqədar nümayiş etdirilən videoçarxlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Mərkəzin əməkdaşlarından Sevinc Hüseynova, Sərraf Talıbov, İltifat Əhmədov, Kamil Cabbarov və Lənkəran Tibb Kollecinin bir qrup tələbəsini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Maraqlı diskussiya şəraitində keçən tədbiri yekunlaşdıran Cəmil Quliyev qonaqlara, tələbələrə, iştirakçıların hər birinə, FHN CRM-nin rəisi, polkovnik Müsəddiq Əsədova və Lənkəran Tibb Kollecinin direktor əvəzi Solmaz Babayevaya minnətdarlığını bildirib.
Sonda xatirə şəkiləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.