Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2026 17:36
  • A-
  • A
  • A+

Teatrşünas alim İnqilab Kərimovun 95 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib

Teatrşünas alim İnqilab  Kərimovun 95 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib

Aprelin 28-də AMEA-da Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli teatrşünas alim, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimovun 95 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə görkəmli teatrşünas-alimin çoxşaxəli yaradıcılığından, pedoqoji fəaliyyətindən, insani keyfiyyətlərindən danışaraq bu gün İnqilab Kərimovun 95 illiyinin qeyd edilməsinin onun Azərbaycan elmi qarşısında göstərdiyi xidmətlərinin nəticəsi kimi dəyərləndirib. Azərbaycan teatrşünaslıq elminin görkəmli nümayəndələrindən biri olan İnqilab Kərimovun uzun illər ərzində milli teatr sənətinin inkişafına mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, “İnqilab Kərimov 1957-ci ildən etibarən AMEA Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayıb. Həmçinin o, qırx ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olub. Onun elmi və təşkilati fəaliyyəti bu institutla sıx bağlı olmuş, xüsusilə teatrşünaslıq sahəsində dəyərli araşdırmalar aparmışdır. İnqilab Kərimov 1985-ci ildən ömrünün sonuna qədər institutun Teatr, kino və televiziya şöbəsinə rəhbərlik etmiş, bu sahələrin inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi dövründə şöbədə aparılan tədqiqatlar Azərbaycan səhnə sənətinin nəzəri və praktik problemlərinin araşdırılmasına yönəldilmişdir”.

Alimin elmi fəaliyyətindən bəhs edən Ərtegin Salamzadə 200-dən çox elmi əsərin müəllifi olan İ. Kərimovun əsas tədqiqat istiqamətinin Azərbaycan teatr tarixi və inkişafı olduğunu söyləyib. Onu da əlavə edib ki, alimin elmi-təşkilati fəaliyyəti dövründə rəhbərlik etdiyi elmi araşdırmaların nəticəsi olan “Azərbaycan teatr tarixi” kitabının I və II cildində bu istiqamət özünü ehtiva edir. 

İnqilab Kərimovun elmi fəaliyyətini yüksək qiymətləndirən professor Ərtegin Salamzadə onun “Azərbaycan-Türkiyə teatr əlaqələri” kitabını xüsusi qeyd edib.

Bildirib ki, teatrşünas alim İ.Kərimovun elmi fəaliyyəti həm də akademik dərəcələrlə qiymətləndirilərək o, 1963-cü ildə namizədlik dissertasiyası, 1988-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Ərtegin Salamzadə teatrşünas alim İnqilab Kərimovun zəngin elmi və yaradıcılıq irsi olduğunu, onun Azərbaycan teatrşünaslıq elminin inkişafında əhəmiyyətli rolu olduğunu, eləcə də elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə mədəniyyət tarixində silinməz iz qoyduğunu qeyd edib. İnqilab Kərimovun rəhbərliyi altında çox sayda fəlsəfə doktorlarının, yüksək ixtisaslı mədəniyyət kadrlarının hazırlandığını və teatrşünaslıq sahəsində apardığı araşdırmaları ilə teatr və mədəniyyətin inkişafına, incəsənət elminə böyük töhfələr verdiyini söyləyib. Ərtegin Salamzadə həmçinin alimin bədii yaradıcılından bəhs edib, onun təşəbbüsü ilə səhnələşdirilən tamaşalardan və müəllifi olduğu əsərlərdən danışıb. Onu da qeyd edib ki, alimin elmi irsi Azərbaycan teatr tarixinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Direktorun çıxışından sonra Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin hazırladığı teatrşünas alim İnqilab Kərimovun həyat və yaradıcılığına həsr edilən foto-qalereya nümayiş etdirilib.    

Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “İnqilab Kərimovun elmi irsi Azərbaycan teatrşünaslığının inkişafı kontekstində” adlı məruzə ilə çıxış edib.

Qeyd olunub ki, Azərbaycan teatrşünaslıq elminin inkişafında mühüm rol oynamış görkəmli alim İnqilab Kərimovun zəngin elmi irsi teatr tarixinin araşdırılması, sənət xadimlərinin elmi-tarixi portretlərinin yaradılması və müasir teatr prosesinin təhlili kimi üç əsas istiqaməti əhatə edir.

Tanınmış tənqidçilərin fikrincə İ.Kərimov teatr fədailərinə və klassiklərə dərin məhəbbətlə yanaşaraq onların sənət və vətəndaşlıq mövqeyini yüksək səviyyədə tədqiq edib. Onun əsərlərində səhnə sənətinin inkişaf mərhələləri, mühüm şəxsiyyətlərin fəaliyyəti və teatr düşüncəsinin əsas motivləri geniş şəkildə işıqlandırılıb. Alimin elmi-pedaqoji fəaliyyəti və bədii yaradıcılığı da onun ümumi irsinin ayrılmaz hissəsidir və Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfə verib. 

Tədbirdə ADMİU-nun Teatrşünaslıq fakültəsinin məsləhətçi-professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Məryəm Əlizadə “İnqilab Kərimov milli teatr tariximizin tədqiqatçı-pedaqoqu kimi”  mövzusunda məruzə edib.

Daha sonra institutun Teatr, kino və televiziya şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “ İnqilab Kərimovun bədii yaradıcılığı” adlı məruzəni iştirakçılara təqdim edib.

Tədbirin sonunda  İnqilab Kərimovun qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, “Teatr, kino və televiziya” şöbəsinin böyük elmi işçisi Gülnarə Kərimova çıxış edərək, atası İnqilab Kərimova göstərdikləri ehtirama, 95 illiyi münasibəti ilə elmi sessiya keçirdiklərinə görə institutun rəhbərliyinə, mərhumun vaxtı ilə başçılıq etdiyi “Teatr, kino və televiziya” şöbəsinin əməkdaşlarına və iştirakçılara öz dərin minnətdarlığını bildirib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: