Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.04.2026 15:55
  • A-
  • A
  • A+

FHN-nin və Seysmoloji Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən konfrans başa çatıb

FHN-nin və Seysmoloji Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən konfrans başa çatıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli "2026-cı ilin Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Sərəncamına əsasən, "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən respublika elmi konfransı aprelin 29-da öz işini davam etdirib.

İclasda AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, Qazaxıstan Respublikasını təmsil edən  mütəxəssislər, dövlət qurumlarının nümayəndələri və mərkəz əməkdaşları iştirak ediblər.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun elmi işlər üzrə müavini texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradovun moderatorluğu ilə keçirilən panel müzakirələrində "Polistirolbeton divar hörgü konstruksiyasının zəlzələyə davamlılığının tədqiqi", "Seysmoloji tədqiqatların bəzi aktual məsələləri haqqında", "Binaların və qurğuların layihələndirilməsində mühəndisi geoloji işlərin əhəmiyyəti", "Dinamik analiz parametrlərinin klassifikasiyası və müvafiq hesablama alqoritmi”, "Süni intellekt və hövzə modelləşdirilməsi əsasında Bakı arxipelaqında seysmiklik, palçıq vulkanları və neft-qaz yataqları arasındakı korrelyasiyanın tədqiqi və modelinin qurulması", "2024-cü ildə Talış seysmoaktiv zonasında qeydə alınan zəlzələlərın statistik və dinamik təhlili""İsmayıllı rayonunda maqnitometrik variasiyalara günəş aktivliyinin təsiri" və s. mövzularda məruzələr təqdim olunub.

Təqdimatlardan sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb.

İki gün davam edən konfransda iştirak edən alim və mütəxəssislərin müzakirələrinin nəticəsində bildirilib ki, yaşayış binalarının və inzibatı binaların tikintisi zamanı seysmik risklərin nəzərə alınması və tikinti işləri aparılacaq hər bir ərazinin seysmikliyinin əvvəlcədən öyrənilməsi vacibdir. İştirakçılar həmçinin aparılan müzakirələrin faydalı olduğunu və şəhərsalma işləri zamanı bu nəticələrdən istifadə olunmasının mümkünlüyünü vurğulayıblar.

Konfrans iştirakçıların xatirə şəkili çəkdirməsi ilə öz işinə yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: