Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2026 10:52
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qadınlar Şurasının, YAP ərazi təşkilatının, Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş “Zərifə Əliyeva kontekstində anadilli təbabətin əlyazma mənbələri” adlı tədbir keçirilib.

Tədbir institutun direktoru akademik Teymur Kərimlinin açılış nitqi ilə başlayıb. Çıxışında sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdıran alim onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır.

Açılış nitqindən sonra Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbir çıxış və məruzələrin dinlənilməsi ilə öz işinə davam edib.

Tədbirin qonağı, AR Milli Məclisinin deputatı Könül Nurullayeva çıxışında görkəmli alim Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb, onun zəngin elmi irsinin bu gün də öz aktuallığını qoruyub saxladığını diqqətə çatdırıb. Bildirib ki, Zərifə Əliyevanın fəaliyyəti yalnız tibb sahəsi ilə məhdudlaşmır, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və elmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin “Tariximizdə həkimlər”, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilovanın “Dünya nizamının ölçə bilmədiyi qanunlar”, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin baş elmi işçisi fil.e.d., professor Gülşən Əliyevanın “Tanrı nuru ümid işığı (Akademik Zərifə Əliyeva – 103)”, Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Sona Xəyalın “Məhəmməd Nidainin “Mənafeün-nas” əsərində göz xəstəlikləri”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin kiçik elmi işçisi Afaq Hacıyevanın “Zərifə Əliyeva şəxsiyyəti və ədəbiyyatşünaslıqda əksi” mövzularında məruzələri dinlənilib.

Məruzələrdən sonra çıxış edən Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyeva akademik Zərifə xanım Əliyevanın mənalı həyat yolundan nümunələr gətirərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb, bu kimi elmi tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, görkəmli alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar və qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Tədbir çərçivəsində iştirakçılar institut Kitabxanasının hazırladığı kitab sərgisi ilə tanış olublar. Sərgidə görkəmli alimlərimizin tibb elminə dair nəşrləri nümayiş olunub.

Sonda institutun Ekspozisiya zalında tədbir iştirakçılarının xatirə fotosu çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: