Heydər Əliyevin zəkası bütün sədləri aşaraq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarmış, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Çağdaş Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində – milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin titanik fəaliyyəti dövlət idarəçiliyi akademiyası olmaqla, ən müxtəlif aspektlərdən tətbiq və təhlil edilməlidir. Dahi şəxsiyyət Heydər Əliyevin sayəsində 1969-cu ildən etibarən milli mənəvi dəyərlərimiz, soykökümüz özümüzə qayıtmış, 1993-2003-cü illər isə tariximizə inkişaf, tərəqqi dövrü kimi yazılmışdır.
Dahi şəxsiyyət Azərbaycan xalqını, Azərbaycan elmini, mədəniyyətini necə deyərlər, qışdan bahara çıxardı. Ümummilli Lider Heydər Əliyev daim dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, elmin tərəqqisi üçün müstəsna işlər görmüşdür. Ulu Öndər Azərbaycanı məharətlə inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Bu gün alimlərimiz Ulu Öndər Heydər Əliyevin elmi irsinin dərindən öyrənilməsi və gənc nəsilə ötürülməsini özlərinə borc bilirlər. Heydər Əliyevin elm sahəsindəki bütün fəaliyyəti ali bir ideyaya – azərbaycançılıq məfkurəsinə xidmət edir. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib, ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir. Heydər Əliyev müdrik müəllim kimi gənclərə “Siz hələ gəncsiniz. Qarşınızda böyük yaradıcılıq yolu vardır”, – söyləyərək onlara dəstək olurdu.
Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev AMEA-nın inkişaf etməsinə qayğısını heç vaxt əsirgəməyib. Xalqına dərindən bağlanan, həyatını Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onun dünya miqyasında tanınmasına nail olmuşdur.
1969-cu il noyabrın 1-də Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan elminin və təhsilinin əsas istiqamətlərini müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Bu nitqi dövrün inqilabi sensasiyasına çevirən fakt isə o idi ki, sovet rejiminin yerli respublikaların rəhbər kadrları üçün müəyyənləşdirdiyi çərçivələrə baxmayaraq, Heydər Əliyev onu doğma Azərbaycan dilində söyləmişdi. O zaman üçün fövqəladə hal hesab edilən partiya liderinin Azərbaycan dilində çıxışı universitet həyatında milli ruhun, milli özünüdərkin, milli dirçəliş və oyanışın hərəkətə gətirilməsinə sanki start verdi.
Azərbaycan ziyalıları, sözün əsl mənasında, qanı-canı ilə milli mənafeyi hər şeydən uca tutan həqiqi milli liderini gördü, tanıdı və bütün varlığı ilə ona inanmağa başladı. Respublika rəhbərinin milli dilə bu şəkildə sevgisi xüsusilə dilçi alimləri vəcdə gətirmişdi. Bunun nəticəsində də tezliklə universitetdə 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyi hazırlayıb nəşr edildi və Ulu Öndərin təşəbbüsü ilə bu əsər Azərbaycanın Dövlət mükafatına layiq görüldü.
Azərbaycan elminin inkişafı məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi elm sahəsində aparılan uğurlu islahatlar sayəsində Azərbaycanın elmi böyük yüksəliş dövrü yaşayaraq, inkişaf yoluna qədəm qoydu.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.