Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

10.06.2026 11:20
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasi kursu inamla və uğurla davam etdirir

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasi kursu inamla və uğurla davam etdirir

“Azərbaycan müstəqildir, azaddır, şübhə yoxdur ki, Azərbaycan xalqı bundan sonra heç vaxt öz müstəqilliyini əldən verməyəcəkdir”.

Azərbaycan xalqının Ümummilli Lideri

 Heydər Əlirza oğlu Əliyev

1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Dahi lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində istər milli müstəqilliyimizin qorunub saxlanılması, istərsə də müstəqil dövlət quruculuğu yönündə aparılan məqsədyönlü siyasət və onun mühüm tarixi əhəmiyyət daşıyan nəticələri xalqımız tərəfindən yüksək qiymətləndirildi. Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş günü elan edildi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə ölkədəki dərin siyasi-iqtisadi böhran aradan qaldırıldı və müstəqilliyimizin qorunub saxlanılması istiqamətində həlledici dönüş baş verdi. 1993-cü ilin iyun ayının əvvəllərində respublikada hökm sürən dərin siyasi və iqtisadi böhran, habelə Gəncə hadisələrinin yaratdığı gərginlik dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Heydər Əliyevin rəhbərliyi qəbul etməsi ilə bu dağıdıcı proseslərin qarşısı alındı.

Məsuliyyətlə onu demək olar ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində müharibə qabiliyyətli milli ordumuz yaradılıb. Xalqımızın döyüşkənliyinə, qəhrəmanlıq ənənələrinə istinadla yaradılmış ordumuzun varlığı isə dahi lider Heydər Əliyev demişkən, “Azərbaycan xalqının böyük milli nailiyyətidir”. Buradan da göründüyü kimi, Heydər Əliyev hakimiyyətə başladığı ilk gündə Azərbaycanda güclü ordu hissələrinin yaranmasına xüsusi diqqət yetirmişdir.

XX əsrdə Azərbaycan artıq ikinci dəfə idi ki, müstəqilllik qazanırdı. Taleyin hökmünə bax, Azərbaycan müstəqilliyini elan etdiyi vaxtdan yenə də heç iki il keçməmiş onu itirmək təhlükəsi qarşısında idi, lakin bu dəfə tale Azərbaycanın üzünə güldü. Tarixi şans hələ tam əldən getməmiş onu reallaşdıra biləcək tarixi şəxsiyyət siyasət meydanına qayıtdı. Müstəqillik aktından düz 23 ay keçdikdən sonra müstəqil Azərbaycanda prezident seçkiləri başlandı. Azərbaycan xalqı öz müdrik oğlu Heydər Əliyevi ən yüksək kürsüyə seçməklə müstəqillik erasına doğru özünün ən qətiyyətli addımını atdı. Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın əksəriyyətinin səsini qazandı və oktyabrın 10-da, andiçmə mərasimindən sonra öz səlahiyyətlərinin icrasına başladı.

Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik konsepsiyasının həyata keçirilməsi istiqamətində görülən əsas işlər aşağıdakılardır:

Ərazi bütövlüyünün təmin edilməsi: Ulu Öndərin torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı vəsiyyəti və siyasi xətti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə reallaşdırılmışdır.

Sosial-iqtisadi inkişaf: Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası və iqtisadi islahatlar nəticəsində Prezident İlham Əliyev tərəfindən Azərbaycan regionun lider dövlətinə çevrilmiş, qeyri-neft sektorunun inkişafı və infrastruktur layihələri uğurla davam etdirilmişdir.

Uğurlu xarici siyasət: Azərbaycanın milli maraqlarını qoruyan, müstəqil və çoxvektorlu xarici siyasət kursu ölkəni qlobal miqyasda söz sahibinə çevirmişdir.

Son 23 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin adı Ulu Öndərin siyasi məktəbinin layiqli davamçısı kimi tarixə Qalib Sərkərdə olaraq əbədi həkk edildi. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir: “Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik kursunun uğurlu davamı olaraq, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyi bərpa olunmuşdur.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: