Milli Azərbaycan Tarixi Muzeyində "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" konfransının iştirakçılarına və təşkilatçılarına diplomların təqdimetmə mərasimi keçirilib. Əvvəlcə 2025-ci ilin dekabrında Bakıda keçirilmiş "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" beynəlxalq konfransına həsr edilmiş videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Akademik Yusif Məmmədəliyev Fondunun icraçı direktoru Ramil Abbəkirov beynəlxalq konfransın əsas nəticələrindən, dünya şöhrətli Azərbaycan aliminin elmi irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində yeni layihələrdən danışıb.
Mərasimdə çıxış edən AMEA prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Akademik Yusif Məmmədəliyev Fondunun prezidenti Sevda Məmmədəliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətini vurğulayıb, yubiley çərçivəsində təşkil olunan tədbirlərin alimin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsi üçün yeni imkanlar açıldığını bildiriblər.
Muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov 2025-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında nəşr olunan "Yusif Məmmədəliyev irsi" kataloqu haqqında mərasim iştirakçılarına məlumat verib.
Mərasimin sonunda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin təşkilində və keçirilməsində əməyi olmuş şəxslərə diplomlar təqdim edilib.
Təltif olunanlar arasında AMEA əməkdaşları da var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.