“Azərbaycan dövlətinin, dövlətçiliyinin, ərazimizin müdafiəsi, ölkəmizin konstitusion əsaslarının qorunması hər bir əsgərin, zabitin, döyüşçünün borcudur”.
Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyev
Tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Azərbaycan Ordusunun müasir, nizami və peşəkar bir qüvvə kimi formalaşmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi liderin apardığı ardıcıl siyasət ölkənin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısına çevrilən Silahlı Qüvvələrin yaranmasında tarixi rol oynamışdır. Müstəqillik mərhələsində Heydər Əliyev hərbi sahəni daim diqqətdə saxlayırdı.
Azərbaycan Respublikasının hərbi sahədə təhlükəsizliyinin təmin olunması üçün, ordunun hərbi hazırlıq səviyyəsinin və döyüş qabiliyyətinin artırılması, mövcud hərbi ehtiyatların səfərbərlik üçün hazır vəziyyətdə saxlanılması, hərbi-sənaye kompleksinin inkişafı, müasir silah və hərbi-texniki nailiyyətlərin tətbiq edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, hərbi təhsil sisteminin inkişaf etdirilməsi, Silahlı Qüvvələrin ixtisaslı kadrlarla komplektləşdirilməsi və s. istiqamətində mühüm islahatlar aparıldı.
Azərbaycanın müasir hərbi inkişaf xüsusiyyətləri bunlardır:
Strateji təməl (Heydər Əliyev dövrü): Pərakəndə silahlı dəstələrin ləğv edilərək vahid komandanlığa tabe olan nizami ordunun yaradılması, milli hərbi kadr hazırlığının (xüsusilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətinin bərpası) əsasının qoyulması və ordunun dövlətçiliyin əsas sütunlarından birinə çevrilməsi;
Davamlı və müasir inkişaf (İlham Əliyev dövrü): Ordunun maddi-texniki bazasının ən son hərbi texnologiyalarla yenilənməsi;
Tarixi zəfər (Vətən müharibəsi): Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil olması və 30 illik işğala 44 gün ərzində son qoyaraq ədaləti bərpa etməsi.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğundakı əsas xidmətləri:
Kadr potensialının yaradılması: Hələ sovet dövründə – 1971-ci ildə uzaqgörən qərarı ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması müstəqil Azərbaycanın peşəkar zabit korpusunun özülünü təşkil etdi;
Nizami ordunun qurulması: 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra o, müxtəlif silahlı dəstələri vahid komandanlıq altında birləşdirərək nizami Azərbaycan Ordusunu formalaşdırdı, fərarilik və xaos hallarını aradan qaldırdı;
Silahlı Qüvvələr Gününün təsisi: 1998-ci ildə imzalanan Fərmanla 26 İyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi;
Müasir ordu siyasəti: Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində atdığı təməl prinsiplər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbənin əsasını qoymuşdur.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi hərbi siyasət və ordu quruculuğu prinsipləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da modernləşdirilmişdir.
Həmçinin onu da qeyd edim ki, şəxsi heyətin psixoloji dayanıqlılığının yüksəldilməsinə aşağıda göstərilənlərlə nail olmaq olar:
- onların mənəvi-siyasi hazırlıqlarının təkmilləşdirilməsi ilə;
- döyüşün bir çox amillərinə tanış, adi, gözlənilən xarakter verməklə;
- daxili gərginliyi dəf etmək üçün hərbi qulluqçunu zəruri bilik və təcrübə ilə silahlandırmaqla;
- şəxsi heyətin gözlənilməzliklərə hazırlığını inkişaf etdirməklə;
- öz döyüş texnikasına, silahına, yoldaşlarına, komandirlərinə və qələbəyə inamın formalaşdırılması ilə;
- təcavüzkar tərfindən müharibənin aparılmasının mümkün variantları barədə düzgün təsəvvürlərin formalaşdırılması;
- döyüş şəraitinin faktorları, psixoloji çətinliklər ilə bilavasitə tanışlıq;
- iradi keyfiyyətlərin və özünüidarənin ahəngdar inkişafı;
- psixoloji peşəkarlıq – döyüş keyifyyətlərinin, xüsusilə də düşüncənin keyfiyyətlərinin inkişafı;
- “psixoloji möhkəmliyin” xüsusi keyfiyyətlərinin, (ekstremal gərginliyə dözümlülük, risk və təhlükəyə emosional-iradi dözüm, məsuliyyət, gözlənilməzliyə hazır olmaq, həyəcanlı vəziyyətlərə və pessimist qərarlara meyilliyin olmaması) formalaşdırılması və inkişafı;
- sülh dövründə döyüş hazırlığının təminatının monoton və spesifik şəraitinə psixoloji dayanıqlılığın inkişafı;
- daxili döyüş hazırlığının psixoloji vəziyyətinin formalaşdırılması və saxlanılması;
- Düşmənin həyata keçirdiyi siyasət, onun niyyətləri, mənəviyyatı, mili-psixoloji xüsusiyyətləri, strategiyası, silah və texnikası dərindən öyrənilməlidir.
Xüsusi psixoloji hazırlıq həm də hərbi qulluqçuları döyüş tapşırıqlarının yerinə yetirilməsinin real şəraitləri və çətinlikləri ilə tanış etmək məqsədi daşıyır. Hər bir döyüşçü müharibənin çətinliklərini öz üzərində hiss etməli, yanındakı mərmi partlayışlarına, güllə və mərmilərin vıyıltısına, topların gurultusuna, yanğınlara və döyüş şəraiti üçün tipik olan digər hallara alışmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında qeyd etmişdi: “Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir”.
Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin, ərazi bütövlüyünün təminatçısıdır və 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfəri ilə gücünü dünyaya sübut etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu dövlətin əsas prioriteti hesab edir, hərbçilərin sosial və mənzil təminatının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır.
Silahlı Qüvvələrdə həyata keçirilən təkmilləşdirmə və inkişaf prosesinin əsas istiqamətləri bunlardır:
Hərbi təhsil: Zabit kadrları Heydər Əliyev adına Hərbi İnstitutda və digər ixtisaslaşmış təhsil ocaqlarında hazırlanır;
İnkişaf və əməkdaşlıq: Türkiyə başda olmaqla, bir sıra müttəfiq ölkələrlə birgə hərbi təlimlər, logistika və tibbi təminat sahəsində sıx əməkdaşlıq davam etdirilir;
Maddi-texniki təchizat: Ordunun arsenalına yüksək dəqiqlikli silahlar, uzaqmənzilli raketlər və ən yeni PUA-lar daxil edilmişdir.
Hərbi sənaye kompleksi: Yerli zavodlarda minlərlə adda hərbi təyinatlı məhsulların istehsalı təmin edilərək ordunun təchizatındakı xarici asılılıq azaldılmışdır;
Sosial təminat: Hərbçilərin xidmət və yaşayış şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış, müasir standartlara cavab verən hərbi şəhərciklər istifadəyə verilmişdir.
Onu da qeyd edək ki, Cənubi Qafqazın ən güclü ordusu hesab edilən Azərbaycan Ordusu, “Global Firepower” 2026 reytinqinə görə dünyanın ən güclü 60 ordusu sırasındadır.
Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa Prezident İlham Əliyevin fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabalığa çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.