AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında Arxeoloji Dərnəyin yeni layihəsi olan Bülleten üzrə namizədlərin müsahibə mərhələsinə start verilib.
Arxeologiya, antropologiya, etnoqrafiya, muzeyşünaslıq, memarlıq tarixi və mədəni irs sahələrində elmi biliklərin təşviqini, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasını və aktual araşdırmaların daha geniş auditoriyaya çatdırılmasını hədəfləyən Bülleten, Arxeoloji Dərnəyin əsas elmi nəşr layihələrindən biridir.
Müsahibə mərhələsinin ilk günündə namizədlərin elmi hazırlıq səviyyəsi, motivasiyası, analitik düşünmə bacarıqları, komanda ilə işləmək bacarığı, araşdırma potensialı və redaksiya fəaliyyətinə uyğunluqları qiymətləndirilib. Eyni zamanda onların elmi fəaliyyətə maraqları, məsuliyyətlilik səviyyələri və layihəyə verə biləcəkləri töhfələr barədə fikir mübadiləsi aparılıb.
Müsahibələr AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov, Arxeoloji Dərnəyin sədri və Bülletenin redaktoru Könül İbrahimli, Arxeoloji Dərnəyin katibi və Bülletenin məsul şəxsi Nəzrin Quliyeva, Bülleten layihəsini həyata keçirən qrupun rəhbəri İsmayıl Həsənov, redaksiya heyətinin üzvləri Aysun Abbasova, Elmir Qəmbərli və Famil Vəliyev tərəfindən aparılıb.
Namizədlərin qarşılanması, qeydiyyatı və müsahibə prosesinə yönləndirilməsi Arxeoloji Dərnəyin idarə heyətinin üzvləri, Media qrupunun rəhbəri Leyla Xalıqova və Tədbirlər qrupunun rəhbəri Leyla Abdullayeva tərəfindən həyata keçirilib. Müsahibə prosesi təşkilati baxımdan planlı şəkildə həyata keçirilib, namizədlərin rahat və səmərəli iştirakını təmin etmək üçün bütün zəruri şərait yaradılıb.
Bülleten layihəsi üzrə müsahibələrin növbəti günlərdə davam etdirilməsi nəzərdə tutulur. Qiymətləndirmə prosesinin yekununda seçilən namizədlər layihənin redaksiya fəaliyyətinə cəlb olunacaq və bülletenin gələcək nömrələrinin hazırlanmasında yaxından iştirak edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.