Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2026 15:45
  • A-
  • A
  • A+

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında “Keçmişin sədası” sərgisinin açılışı keçirilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında “Keçmişin sədası” sərgisinin açılışı keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-Sərgi zalında “Keçmişin sədası” adlı sərginin açılış mərasimi keçirilib. Azərbaycanın zəngin tarixinin və milli-mədəni irsinin gənc rəssamların yaradıcılığında bədii ifadəsini nümayiş etdirən sərgi Arxeologiya və Antropologiya İnstitutun “Elmi Ekspozisiyanın Təşkili” şöbəsinin nəzdində fəaliyyət göstərən Arxeoloji Dərnək tərəfindən təşkil olunub.

“Keçmişin sədası” layihəsinin əsas məqsədi tarix, arxeologiya və təsviri incəsənət arasında yaradıcı əlaqə qurmaq, Azərbaycanın maddi və mənəvi irsinin müasir incəsənət vasitəsilə təbliğinə töhfə vermək, eyni zamanda gənc rəssamların yaradıcılıq imkanlarının geniş ictimaiyyətə təqdim olunmasına şərait yaratmaqdır. Sərgidə Azərbaycan tarixinin müxtəlif dövrlərindən, arxeoloji irsdən, memarlıq abidələrindən, milli ornament və xalçaçılıq ənənələrindən ilhamlanan rəngkarlıq, xalçaçılıq, bədii toxuculuq, keramika və dekorativ-tətbiqi sənətin digər istiqamətlərinə aid əsərlər nümayiş etdirilir.

Açılış mərasimində ilk olaraq AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova çıxış edib. O, İnstitutda artıq iki ildir həyata keçirilən “Könüllülük Proqramı”-nın fəaliyyəti, proqram çərçivəsində reallaşdırılan layihələr və gənclərin elmi-mədəni fəaliyyətə cəlb olunması istiqamətində görülən işlər barədə danışıb.

Daha sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Ekspozisiyanın Təşkili” şöbəsinin müdiri, Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müəllimi Orxan Zamanov çıxış edib. O, “Keçmişin sədası” layihəsinin təşkilindən, gənc rəssamların elmi və muzey mühiti ilə əlaqələrinin genişləndirilməsinin, onların yaradıcılığının dəstəklənməsinin əhəmiyyəti barədə məlumat verib.

Tədbir “Keçmişin sədası” sərgi layihəsinin rəhbəri və kuratoru, sənətşünas-redaktor Mətanət Teymurlunun çıxışı ilə davam edib. Mətanət Teymurlu sərginin konsepsiyası və nümayiş etdirilən əsərlər barədə söz açıb.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, rəssam və pedaqoq Səyyar Əliyev çıxış edib. O, sərgidə nümayiş olunan əsərləri yüksək qiymətləndirərək Azərbaycan tarixinin və milli-mədəni dəyərlərinin təsviri sənət vasitəsilə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.

Açılış mərasimini Arxeoloji Dərnəyin Sərgi qrupunun rəhbəri, 3 saylı Cəbrayıl rayon tam orta məktəbində təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərən Günel Məmmədova və Arxeoloji Dərnəyin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Arxiv işi, muzey və abidələrin qorunması” ixtisası üzrə III kurs tələbəsi Dəniz Məlikzadə aparıblar.

Sərginin ekspozisiyasında müxtəlif istiqamətlərdə çalışan və təhsil alan gənc yaradıcıların əsərləri yer alıb. Xalçaçı-rəssam Nuray İbrahimlinin “Miras Küpü”, xalçaçı-rəssam Sahirə Hüseynovanın “Mavi Sükut”, xalçaçı-rəssam Röya Mikayılovanın “Qədim İrs”, dizayner-rəssam Azər Əlizadənin “Dövr-i Cahan”, xalçaçı-rəssam Aydan Mahmudovanın “Narım” əsərləri sərgidə nümayiş etdirilir. Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Bədii toxuculuq ixtisasının IV kurs tələbəsi Aydan Əliyeva sərgidə “Odlar yurdu” qobeleni ilə iştirak edir. Xalçaçı-rəssam Əli Salamzadənin “Tək göl” əsəri də ekspozisiyada yer alır. Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Bədii xalça ixtisasının IV kurs tələbəsi, xalçaçı-rəssam Səidə Şirinova “Şərq bağçası”, “Ənənənin rəngləri”, “Şərq harmoniyası” və “Yuxarı Gövhər Ağa məscidi” əsərləri ilə təmsil olunur. Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Bədii xalça ixtisasının IV kurs tələbəsi Aydan Həşimovanın “Kəlbəcər Məscidi”, “Əjdaha” və “Üçlük” əsərləri sərgidə təqdim edilir. Azərbaycan Rəssamlıq Akademiyasının Təsviri sənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturasının I kurs tələbəsi Xədicə Həmidova “Arxeoloji fraqmentlər” əsəri ilə sərgidə iştirak edir. Sərgi layihəsinin rəhbəri və kuratoru, sənətşünas-redaktor Mətanət Teymurlunun “Eksponatlarla natürmort” və “Maq” əsərləri də ekspozisiyaya daxil edilib. Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Keramika ixtisasının IV kurs tələbəsi Ayşən Musayevanın “Qobustan mədəniyyətinin izləri” və “Goran-Tovuz xalçasının ornamentləri ilə bəzədilmiş sandıq” əsərləri nümayiş olunur. Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Bədii metal ixtisası üzrə təhsil alan Ziba Quliyeva “Milli Miras” əsəri ilə sərgidə iştirak edir. Xalçaçı-rəssam Dilbər Əkbərovanın “Qarışıq ilmələr” əsəri də “Keçmişin sədası” sərgisində nümayiş etdirilən işlər sırasındadır.

“Keçmişin sədası” layihəsi Arxeoloji Dərnəyin müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən üzvlərinin, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Ekspozisiyanın Təşkili” şöbəsinin əməkdaşlarının və layihədə iştirak edən gənc yaradıcıların birgə fəaliyyətinin nəticəsi olaraq ərsəyə gəlib. Sərgi bir tərəfdən gənc rəssamların yaradıcılığının təqdimatı üçün platforma yaradıb, digər tərəfdən tarix və arxeoloji irsin yalnız elmi tədqiqatın deyil, həm də müasir bədii yaradıcılığın mövzusu ola biləcəyini nümayiş etdirib.

“Keçmişin sədası” sərgisi 11 sentyabr 2026-cı il tarixinədək ziyarətçilər üçün davam edəcək.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: