Nizami Gəncəvinin tərənnüm etdiyi ali hisslər, o cümlədən insanı sevmək, onu yüksək qiymətləndirmək kimi ideyalar dahi şairin mənsub olduğu Azərbaycan xalqının həm tarixən, həm də bu gün bəşəriyyətə təqdim etdiyi dəyərlərdir.
Bu fikirləri müsahibəsində AMEA Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, “Nizamişünaslıq” elmi əsərlər jurnalının baş redaktoru Əlimuxtar Muxtarov söyləyib. O bildirib ki, fərdi sevə bilməyən xalqı, bəşəriyyəti sevə bilməz. Bu yüksək qayələrə gəlib çatdığı üçündür ki, şeir Nizami Gəncəvi ilhamında əbədilik qazanıb. Dahi mütəfəkkir özünədək dəbdə olan və çox vaxt yalnız bir ovuc hökmdarlara, tacidarlara, sərvət, mənsəb sahiblərinə xidmət edən saray ədəbiyyatı tilsimini qırmış, poeziyanı bütünlüklə xalqın istifadəsinə vermiş və nəticədə insanı yüksək səviyyədə tərənnüm edən poeziya ərsəyə gətirmişdir. Məhz bu özəlliklərinin nəticəsidir ki, dünya filosofları, mütəfəkkirləri, şərqşünasları Nizami Gəncəvi poeziyasını inqilabi poeziya adlandırırlar.
Nizami Gəncəvinin fikrincə, insan dünyanın əşrəfidir. Başqa varlıqlardan fərqli olaraq Allah ona zəka bəxş etmişdir. Buna görə də o bəxtiyardır və bütün xilqətlərin həyatına cavabdehdir. “Sirlər xəzinəsi”ndə yazır:
Sən ey fələklər qədər uca, dəyərli insan!
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkəşan.
Heç xəbərin varmı ki, səsin yetişir hara?
Sənin zənn etdiyindən xeyli ucalıqlara!
Sən dünya çəmənində bir az zəif, kəmnəfəs,
Fəqət ən çevik ceyran sənlə yarışa bilməz.
Ümummilli Lider Heydər Əliyev Nizami Gəncəvinin yaradıcılığı haqqında deyirdi: “Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır”.
Müsahibimiz xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. 2021-ci il isə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.
“Müasir gənclərin Nizami Gəncəvi irsinə marağını artırmaq üçün, hesab edirəm ki, kompleks yanaşma tələb olunur. Birincisi, Nizami Gəncəvi irsi rəqəmsal formatlarda animasiya, podkast, interaktiv sərgilər vasitəsilə təqdim edilməlidir, çünki bugünkü gənclik məhz bu dildə düşünür və məlumatı bu formada daha asan qəbul edir. İkincisi, məktəb və universitet proqramlarında Nizami Gəncəvi yaradıcılığını quru əzbərçilikdən çıxarıb, onun ideyalarını müasir dəyərlərlə ədalət, elmə hörmət, multikulturalizm kimi anlayışlarla əlaqələndirmək lazımdır ki, gənclər onu uzaq keçmişin təkrarlanan bir mövzusu kimi deyil, bu günün özünə aid bir hikmət mənbəyi kimi qəbul etsinlər”.