AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir tarixinin olduğunu bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin 22 dekabrında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında və dekbarın 30-da Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında sərəncamlar imzaladığını xatırladıb.
XII əsrdə Azərbaycanda böyük intibah dövrünün yaşandığını deyən akademik G.Baxşəliyeva həmin dövrdə neçə-neçə görkəmli Azərbaycan şairlərinin, memarlarının, sənət adamlarının fəaliyyət göstərdiyini deyib və onların sırasında Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin xüsusi yeri olduğunu qeyd edib. Əcəmi Naxçıvaninin yubileyinin UNESCO çərçivəsində keçirildiyini deyən institut rəhbəri onun Azərbaycan memarlığına yeni istiqamət verdiyini bildirib, onun Naxçıvan şəhərində ucaltdığı Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsini xüsusi qeyd edib.
Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazova elmi sessiyada “Azərbaycanda İslam memarlığı nümunələri” mövzusunda məruzə edib. Azərbaycanın İslam memarlığının ən qüdrətli mərkəzlərindən biri olduğunu deyən Ş.Şahbazova bu ərazilərdə memarlığın uzun inkişaf tarixinə malik olduğunu, Elxanilər dövründə mədəniyyət və incəsənət mərkəzinin Xorasan və Mavərənnəhrdən Azərbaycana keçdiyini, Sultan Mahmud Qazan xanın səltənəti dövründə Azərbaycanın mədəniyyət və incəsənətin qızıl dövrünü yaşadığını bildirib.
Azərbaycanda Təbriz, Arran, Naxçıvan-Marağa, Şirvan-Abşeron memarlıq məktəblərinin mövcud olduğunu söyləyən məruzəçi, Azərbaycan memarlıq üslubunun inkişafının və kamilləşməsinin zirvə nöqtəsinin Təbriz məktəbi olduğunu vurğulayıb. O, Azərbaycan memarlığının təkamül prosesində Naxçıvan-Marağa memarlıq məktəbinin, xüsusilə bu məktəbin tanınmış nümayəndləri Əcəmi Əbubəkr oğlu Naxçıvani və Əhməd ibn Əyyub əl–Hafiz Naxçıvaninin böyük xidmətləri olduğunu, onların yaratdıqları Yusif Küseyir oğlu türbəsi, Mömünə Xatun türbəsi, Bərdə türbəsinin qədim Azərbaycan İslam memarlığının ən gözəl nümunələri olduğunu qeyd edib. Ş.Şahbazova nəzərə çatdırıb ki, Azərbaycanda İslam memarlığının təməl və əsas hissəsini İslam memarlığının simvolu olan məscidlər təşkil edir və bunlar içərisində ziyarətgah-məscid kompleksləri mənəvi dəyəri ilə yanaşı gözəl memarlıq inciləri hesab olunur. Bura Bakının simasına çevrilmiş Bibiheybət məscidi, Gəncədə İmamzadə kompleksi, Pirsaat Baba ziyarətgah-məscid kompleksi və s. daxildir.
Ərəb filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əzizə İsmayılova “Şərq memarlığının Qərbdə silinməyən izləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında Şərq, xüsusilə İslam memarlığının Avropa memarlığına təsirindən və bu təsirin Əndəlüs nümunəsində özünü göstərən izlərindən bəhs edib. O, Əndəlüsün orta əsrlərdə İslam mədəniyyətinin Avropadakı əsas mərkəzlərindən biri olduğunu qeyd edib.
Əzizə İsmayılova Kordova məscidi, Mədinət əz-Zəhra və Əl-Həmra saray-kompleksi kimi mühüm memarlıq abidələri haqqında məlumat verib. Bu abidələrin timsalında Şərq və Qərb memarlıq ənənələrinin qarşılıqlı təsirindən danışıb. O, həmçinin İslam memarlığına xas həndəsi və bitki naxışları, ərəb kitabələri, tağlar, su elementləri və digər dekorativ xüsusiyyətləri də diqqətə çatdırıb.
Məruzəçi Əl-Həmra saray-kompleksində ərəb kitabələrinin və poetik mətnlərin memarlıqla vəhdətinə xüsusu diqqət çəkib. O, Əndəlüs memarlıq nümunələrinin Şərq və Qərb mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin və mədəni mübadilənin mühüm göstəricilərindən biri olduğunu vurğulayıb.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.