Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində yerləşən Nazarbayev Universitetində Ə.X.Marqulan adına Arxeologiya İnstitutu tərəfindən Nazarbayev Universiteti ilə birgə, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin dəstəyi ilə “Avrasiyanın böyük çöl kəməri: zaman və məkan üzrə mədəniyyətlərin transformasiyası” adlı II Beynəlxalq Arxeoloji Simpozium keçirilmişdir. Tədbir Arxeologiya İnstitutunun 35 illik yubileyinə həsr olunmuşdur.
Simpoziumda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya, Çin, Almaniya, Fransa, İsrail, ABŞ, Böyük Britaniya və digər ölkələrdən 150-dən çox tədqiqatçı iştirak etmişdir.
Simpoziumda Azərbaycanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri – tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitri Kiriçenko və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov təmsil etmişlər.
“Mağaralar Avrasiyanın daş dövrü arxeoloji arxivləri kimi” adlanan birinci paneldə çıxış edən t.ü.f.d., dosent Azad Zeynalov Qarabağdakı Tağlar mağarasında aparılan Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyasının nəticələrindən bəhs etmişdir. “Avrasiyanın arxeologiyasında Tağlar mağarası” adlanan məruzəsində A. Zeynalov Orta Paleolit dövrünə aid unikal məskən hesab olunan Tağlar mağarasında artıq üç ildir ki, beynəlxalq arxeoloji tədqiqatların aparıldığını vurğulamışdır. Əldə olunmuş materiallar neandertal tipli insanların məskunlaşması və miqrasiyası probleminin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Həmçinin, Azad Zeynalov Azıx mağarasında Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq ekspedisiyaları tərəfindən aparılan tədqiqatlar barədə məlumat vermişdir.
“Çöl sivilizasiyası fenomeni: hakimiyyət, cəmiyyət və mədəni transformasiyalar" mövzusunda keçirilən üçüncü panel sessiyasında t.ü.f.d., dosent Dmitri Kiriçenko "Cənub-Şərqi Azərbaycandan silindrik və möhür-ştamplar" adlı məruzə ilə çıxış etdi. O, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan Erkən Dəmir dövrünə aid artefaktları təhlil edərək, həmin nümunələrin Anadolu, İran, Şimali Mesopotamiya və Cənubi Levantda aşkar edilmiş oxşar əşyalarla paralellər təşkil etdiyini vurğuladı.
Birinci paneldə çıxış edən Y.Məmmədov 2016–2019 və 2022–2023-cü illərdə Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyasının Qazax rayonundakı Aveydağ mağara qrupunda apardığı tədqiqatlarından söz açmışdır. “Damcılı mağarası: Cənubi Qafqazda unikal daş dövrü abidəsi” adlanan məruzədə Y. Məmmədov (həmmüəlliflər: Y.V. Məmmədov, Y. Nişiaki, A. Ə. Zeynalov və Ü.R. Səfərova) Damcılı mağarasının - Azərbaycan ərazisində qeydə alınmış və öyrənilmiş ilk Paleolit abidəsinin - yalnız qeyd olunan dövrün öyrənilməsi baxımından deyil, həm də Cənubi Qafqaz regionunda Mezolit–Neolit keçidini, istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidi, bu iki təsərrüfat qrupları arasında sosial-mədəni əlaqələrin araşdırılması baxımından unikal imkanlarını vurğulamışdır.
Simpozium çərçivəsində həmçinin “Ə.X.Marqulan adına Arxeologiya İnstitutunun nəşrləri (2021–2025)” adlı kitab sərgisi və “Zamanla dialoqda” adlı fotosərgi təşkil olunmuşdur.
Qeyd edilməlidir ki, III Beynəlxalq Arxeoloji Simpoziumun 2029-cu ildə təşkili qərara alınmışdır. Aparılan müzakirələr çərçivəsində, Azərbaycan nümayəndə heyətinin təklifi ilə Paleolit dövrünə həsr olunacaq ilk bölmənin "Tarixdən qabaqkı dövrdə insanların miqrasiya prosesləri və adaptasiya" adlandırılması layihəsi yekdilliklə qəbul edilmişdir.
Konfransın əsas hissəsi başa çatdıqdan sonra Qazaxıstan Respublikasının Prezidentinin Mərkəzinə və Qazaxıstan Respublikasının Milli Tarix Muzeyinə konfrans iştirakçılarının ekskursiyası təşkil olunmuşdur. Bu ekskursiyalar iştirakçılara müasir Qazaxıstan dövlətçiliyinin formalaşma mərhələlərini, ölkənin siyasi və mədəni tarixini yaxından tanımaq imkanı vermişdir. Milli Tarix Muzeyində nümayiş olunan arxeoloji və etnoqrafik eksponatlar isə Avrasiyanın qədim sivilizasiyalarının öyrənilməsi baxımından simpoziumun mövzusu ilə birbaşa əlaqələndirilərək xüsusi əhəmiyyət kəsb etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.