Çin ilə Azərbaycan arasında ədəbi əlaqələrin inkişafı iki ölkə xalqları arasında qarşılıqlı mədəni anlaşmanın və humanitar dialoqun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu açıqlamasında Pekində keçirilən Avrasiya Seminarında iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova deyib.
Nərgiz Kərimova bildirib ki, 2026-cı il sentyabrın 17-dən 23-dək Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə Pekində “Rəqəmsallaşdırma, yaşıllaşdırma, müştərək transformasiya və dayanıqlı inkişaf” mövzusunda Avrasiya Seminarı keçirilib.
Müxtəlif ölkələrdən alim, tədqiqatçı, ali təhsil müəssisələrinin nümayəndələri və mütəxəssislərin qatıldığı seminarın müasir Avrasiya məkanında elmi, iqtisadi, texnoloji və humanitar əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu vurğulayan N.Kərimova Azərbaycan alimlərinin də tədbirdə məruzələrlə çıxış etdiklərini diqqətə çatdırıb.
Gənc alim seminarda “Bir kəmər, bir yol” təşəbbüsü kontekstində Çin-Azərbaycan ədəbi əlaqələrinə dair məruzə ilə çıxış etdiyini bildirib. Qeyd edib ki, məruzədə iki ölkə arasında ədəbi əlaqələrin müasir vəziyyəti, humanitar və mədəni münasibətlərin inkişaf perspektivləri, eləcə də bu əlaqələrin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əhəmiyyəti diqqət mərkəzində olub.
“Ədəbi əlaqələr yalnız əsərlərin qarşılıqlı tərcüməsi və yayılması ilə məhdudlaşmır. Ədəbiyyat xalqların bir-birinin tarixi-mədəni təcrübəsini, milli-mənəvi dəyərlərini və dünyagörüşünü daha yaxından tanımasına imkan yaradır. Bu baxımdan ədəbi əməkdaşlıq uzunmüddətli humanitar dialoqun formalaşmasına mühüm töhfə verə bilər”, – deyə N.Kərimova qeyd edib.
Alim diqqətə çatdırıb ki, seminar çərçivəsində Çin ilə Türk dünyası arasında ədəbi-mədəni əlaqələrin müasir dinamikası və perspektivlərinə dair məsələlər də müzakirə olunub. Dilarə Əliyevanın “Çin və türk dünyası arasında ədəbi dialoq: müasir dinamika və perspektivlər” mövzusunda məruzəsi dinlənilib.
N.Kərimovanın sözlərinə görə, son illərdə Çin və türk dövlətləri arasında siyasi və iqtisadi münasibətlərlə yanaşı, mədəniyyət, təhsil, elm və digər humanitar sahələrdə də əməkdaşlıq genişlənir. Ədəbiyyat isə bu prosesdə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın inkişafı üçün mühüm vasitələrdən biri kimi çıxış edir.
O, səfər çərçivəsində Çin Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru Dinq Quoqi ilə görüş keçirildiyini də bildirib. Görüşdə Azərbaycan və Çin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və tədqiqat mübadiləsinin gücləndirilməsi, eləcə də alimlər arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.
“Görüş zamanı ədəbiyyat və humanitar elmlərin xalqlar arasında mədəni dialoqun inkişafındakı rolu xüsusi qeyd edildi. Azərbaycan və Çin alimləri arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar barədə fikir mübadiləsi apardıq”, – deyə N.Kərimova əlavə edib.
Alim qeyd edib ki, Avrasiya Seminarının əsas xüsusiyyətlərindən biri müxtəlif elm və fəaliyyət sahələrini bir araya gətirməsi olub. Rəqəmsallaşma, yaşıl transformasiya və dayanıqlı inkişaf məsələləri yalnız texnoloji və iqtisadi deyil, həm də sosial, təhsil, elmi və humanitar aspektlərdən müzakirə edilib.
“Belə tədbirlər müxtəlif ölkələrin alimləri arasında birbaşa fikir mübadiləsi aparmaq, yeni tədqiqat istiqamətlərini müəyyənləşdirmək və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından əhəmiyyətlidir”, – deyə N.Kərimova vurğulayıb.