Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.09.2026 17:20
  • A-
  • A
  • A+

Bioetika və elm-texnologiyanın etikası üzrə beynəlxalq sessiyalarda Azərbaycan təmsil olunub

Bioetika və elm-texnologiyanın etikası üzrə beynəlxalq sessiyalarda Azərbaycan təmsil olunub

28 sentyabr 2026-cı il tarixində Hökumətlərarası Bioetika Komitəsi (IGBC) ilə Beynəlxalq Bioetika Komitəsinin (IBC) birgə sessiyası, Beynəlxalq Bioetika Komitəsinin 33-cü sessiyası, həmçinin Elmi Bilik və Texnologiyanın Etikası üzrə Ümumdünya Komissiyasının (COMEST) 14-cü fövqəladə sessiyası hibrid formatda keçirilib.

İclaslarda Azərbaycan Milli Komitəsi adından AMEA Rəyasət Heyəti Aparatının Vitse-prezidentlərin xidmətinin baş mütəxəssisi, AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva iştirak edib.

Tədbirlər çərçivəsində əvvəlcə Elm və Texnologiyanın Bioetikası və Etikası Proqramının hesabatı təqdim olunub. Hesabatda proqramın fəaliyyəti, həyata keçirilən tədbirlər və əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Daha sonra neyrotexnologiyanın etik aspektlərinə həsr olunmuş sessiya keçirilib. Sessiyada UNESCO-nun neyrotexnologiyanın etikası üzrə tövsiyəsinin bu sahədə idarəetmə mexanizmlərinin və etik çərçivələrin formalaşdırılmasına mümkün töhfələri müzakirə edilib. Eyni zamanda, ölkələrin neyrotexnologiyaların etik prinsiplərə uyğun inkişafı və tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndirilməsində UNESCO-nun dəstəyi məsələlərinə diqqət yetirilib.

Sessiyaların növbəti hissəsində “Yaşlanma və uzunömürlülük haqqında Beynəlxalq Bioetika Komitəsinin (IBC) konseptual sənədi: dəyişən dünyada insan hüquqları ilə bağlı məsələlər” mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı dəyişən sosial kontekstlərdə yaşlanma prosesi, yaşlı insanların rifahına mənfi təsir göstərən amillər, fərdlər, cəmiyyətlər və mədəniyyətlər arasında yaşlanma təcrübələrinin müxtəlifliyi, habelə fərdi, sosial, ekoloji və sistem səviyyəsində risk faktorları nəzərdən keçirilib. Bununla yanaşı, yaşlanma və məhdud resurslar, qocalma, uzunömürlülük elmi və texnologiyaları arasındakı qarşılıqlı əlaqələr və bu istiqamətdə meydana çıxan etik məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclaslar çərçivəsində Elmi Bilik və Texnologiyanın Etikası üzrə Ümumdünya Komissiyasının (COMEST) generativ süni intellekt məhsulları və bilik konsepsiyasına dair sənəd də müzakirə olunub. Sessiyada generativ süni intellekt tərəfindən yaradılan məhsulların bilik anlayışı ilə əlaqəsi, eləcə də bu sahədə meydana çıxan etik məsələlər diqqət mərkəzində olub.

Müzakirələr zamanı müasir elmi və texnoloji inkişafın insan hüquqları, etik prinsiplər və cəmiyyətin maraqları ilə uzlaşdırılmasının vacibliyi vurğulanıb. İclaslar yekun müzakirələrin aparılması və növbəti fəaliyyət istiqamətlərinin nəzərdən keçirilməsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: