Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.10.2026 11:08
  • A-
  • A
  • A+

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Zəngilan rayonundan götürülmüş mis-molibden filizi nümunəsi üzərində tədqiqat aparılır. Tədqiqatın əsas məqsədi filiz nümunəsinin tərkibində olan molibdenin ayrılması, təyin edilməsi və sonrakı mərhələdə müxtəlif mühitlərdən, o cümlədən sulu məhlullardan və axıntı sularından molibdenin çıxarılması imkanlarının araşdırılmasıdır.

Bu barədə açıqlamasında Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun elmi işçisi texnika üzrə elmlər doktoru, dosent Aybəniz Quliyeva məlumat verib.

A.Quliyeva bildirib ki, ilk növbədə Zəngilan ərazisindən götürülmüş mis-molibden filizi nümunəsi laboratoriya şəraitində hazırlanıb: “Bunun üçün filiz üyüdülərək narın hala gətirilib. Hazırlanmış nümunədən 5 qram götürülüb və 1 qram sorbentlə birlikdə Sokslet aparatında emal olunub. Bu proses nəticəsində filiz nümunəsinin tərkibində olan komponentlərin məhlula keçirilməsi təmin edilib. Daha sonra alınmış məhlul süzülüb. Həmin süzüntüdən molibdenin təyin edilməsi üçün ekstraksiya metodundan istifadə edilib. Bu məqsədlə ayırıcı qıfdan istifadə olunub. Ayırıcı qıfa molibdenin olduğu məhlul əlavə edildikdən sonra müəyyən reagentlər – qalay-xlorid və ammonium-rodanid əlavə olunub. Reagentlərin iştirakı ilə molibdenin ekstraksiya yolu ilə ayrılması və onun təyin edilməsi həyata keçirilib. Burada əsas məqsəd yalnız filiz nümunəsində molibdenin müəyyənləşdirilməsi deyil, eyni zamanda, onun müxtəlif mühitlərdən ayrılması üçün uyğun yanaşmanın öyrənilməsidir. Çünki molibden müəyyən hallarda müxtəlif texnoloji proseslər nəticəsində suya və axıntı sularına keçə bilər. Belə mühitlərdə molibdenin müəyyənləşdirilməsi və ayrılması üçün sorbsiya və ekstraksiya üsullarından istifadə etmək mümkündür.

Zəngilandan götürülmüş nümunənin tədqiqata cəlb olunması da məhz həmin ərazidəki filizlərin tərkibinin öyrənilməsi və qiymətli komponentlərin, o cümlədən molibdenin ayrılması baxımından əhəmiyyətlidir. Filiz nümunəsi üzərində aparılan təcrübələr molibdenin ayrılması və təyini prosesinin müxtəlif mərhələlərinin araşdırılmasına imkan verir.

Tədqiqatın növbəti mərhələlərində əldə olunan nəticələr əsasında bu yanaşmanın molibdenin tərkibində olduğu müxtəlif sulu mühitlərdən, o cümlədən sənaye və axıntı sularından ayrılması və təyin edilməsində tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur”.

AzərTac

  • Paylaş: