Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.10.2026 09:48
  • A-
  • A
  • A+

Hikmət Quliyev: “Koblandı batır” eposu bizi birləşdirir

Hikmət Quliyev: “Koblandı batır” eposu bizi birləşdirir

Qazaxıstanın Aqtöbe vilayətinin Akimatında “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Koblandı batır” dastanı” mövzusunda keçirilən beynəlxalq elmi-nəzəri konfrans çərçivəsində Türk dünyasının müxtəlif ölkələrindən olan alimlərin iştirakı ilə rəsmi qəbul keçirilib.

Rəsmi qəbulda çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan-Qazaxıstan elmi-mədəni əlaqələrinin, xüsusilə folklorşünaslıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Hikmət Quliyev iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin elmi və mədəni əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli siyasi münasibətlər elmi, mədəni və humanitar əlaqələrin də yeni istiqamətlər üzrə inkişafına geniş imkanlar açır.

AMEA Folklor İnstitutunun direktoru Azərbaycan və Qazaxıstan folklorşünasları arasında əməkdaşlığın ortaq türk folklor irsinin, epik ənənələrin, dastanların və mədəni yaddaşın daha geniş elmi müstəvidə araşdırılmasına imkan yaratdığını vurğulayıb.

Hikmət Quliyev AMEA Folklor İnstitutu ilə Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu arasında mövcud elmi əlaqələrə xüsusi diqqət çəkib. O, akademik Kənjexan Matıjanovun rəhbərlik etdiyi institutla əməkdaşlığın Azərbaycan-Qazaxıstan folklorşünaslıq əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Alim bildirib ki, 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan və Qazaxıstan alimlərinin görüşləri türkoloji folklorşünaslığın aktual məsələlərinin, ortaq elmi irsin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.

Hikmət Quliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur” fikrini xatırladıb. O bildirib ki, Türk dünyasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, elmi və mədəni münasibətlər də genişlənir və dərinləşir. Bu prosesdə folklor və ədəbi irsin öyrənilməsi, ortaq mədəni yaddaşın tədqiqi, eləcə də alimlər arasında elmi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

AMEA Folklor İnstitutunun direktoru “Koblandı batır” dastanının Türk dünyasının ortaq mədəni yaddaşının mühüm nümunələrindən biri olduğunu vurğulayıb.

“Bu gün biz “Koblandı batır” eposunun işığına toplaşmışıq. Koblandı bizi birləşdirir”, – deyə Hikmət Quliyev bildirib.

O qeyd edib ki, “Koblandı batır” dastanı qazax xalqının zəngin epik irsinin mühüm nümunəsi olmaqla yanaşı, Türk dünyasının ortaq qəhrəmanlıq ənənəsinin və mədəni yaddaşının öyrənilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Alimin sözlərinə görə, ortaq folklor irsinin müasir elmi metodlarla araşdırılması xalqların tarixi-mədəni keçmişinin daha dərindən öyrənilməsinə, eyni zamanda müasir elmi və mədəni əlaqələrin inkişafına xidmət edir.

“Biz ortaq dəyərlərə söykənən keçmişimizdən ortaq strateji hədəflərə doğru irəliləyirik”, – deyə Hikmət Quliyev vurğulayıb.

Folklorşünas alim Azərbaycan və Qazaxıstan folklorşünasları arasında mövcud elmi əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin, birgə tədqiqatların, elmi layihələrin və nəşrlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Rəsmi qəbulda Aqtöbe vilayətinin hakimi Asxat Şaxarov çıxış edərək Türk dünyasının müxtəlif ölkələrindən olan alimlərin Aktöbedə bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb, “Koblandı batır” dastanının Türk dünyasının ortaq tarixi-mədəni irsində xüsusi yer tutduğunu bildirib.

Görüşdə, həmçinin M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, akademik Kənjexan Matıjanov və Saxa (Yakutiya) Respublikasının Dövlət Məclisi (İl Tümən) sədrinin birinci müavini, tarix elmləri namizədi Aleksandr Jirkov çıxış edərək Türk xalqlarının ortaq tarixi-mədəni irsinin öyrənilməsinin və beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.

Rəsmi qəbul qarşılıqlı fikir mübadiləsi və dostluq şəraitində başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: