AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Planet FM” radiosunun “Zaman maşını” verilişinin qonağı olub.
Verilişdə Azərbaycan mifoloji düşüncəsinin kökləri, “Kitabi-Dədə Qorqud” dastanındakı Təpəgöz obrazı ilə yunan mifologiyasındakı Siklop - Polifemin müqayisəsi, xalq inanclarının formalaşma mexanizmləri, müasir nəsillərin folklor yaddaşı problemi, süni intellektin mifoloji təfəkkürə, ümumən folklora təsiri ətrafında söhbət aparılıb.
Xalqımızın mif duyumunun fitri xüsusiyyətlərinə toxunan E.Qaliboğlu mifi Əcdadın dünyaya, həyata və insana sirli-sehrli baxışı kimi səciyyələndirib. İnsan təbiəti duyduqca heyrətlənib, gördüyünü dərk, habelə izah etməyə çalışıb. Bu mənada mif gerçəkliyin sadəcə izahı yox, onun insan şüurunda mənalandırılmasının qədim formalarından biri kimi diqqəti çəkir. Əcdadın özünüifadəsi başlanğıcda daha çox jest və mimikalarda qalıb. İnsan uzun müddət ərzində heyrətini, ilahi duyumunu sözə çevirə bilmədi. Özündən kənarda olan hər şey onun üçün cazibəli və sirli idi. Günəş, Ay, ulduzlar, dağ, daş, bulaq, su, torpaq və s.-in mifləşdirilməsi (müqəddəsləşdirilməsi) də bu münasibətin ifadəsi kimi meydana çıxırdı. Əcdad həmin varlıqlarla özü arasında doğmalıq, asılılıq yaradan sirli-sehrli qüvvə görürdü, təsəvvür edirdi, ağlının imkanları açıldıqca özünüifadəsi də yavaş-yavaş yaranırdı. Sonrakı dönəmlərdə fitri duyumu nitq imkanlarının daha da aşkarlanması ilə müşaiyət olundu. Mifoloji düşüncənin əsasında yalnız təbiət hadisələrinin fövqəltəbii izahı deyil, insanın özü ilə dünya arasında mənəvi bağlantı qurması dayanır.
Çağımızdakı sivilizasiyanın sürətli, əslində insanın ruhuna, mənəviyyatına qarşı olan inkişafı insanın təbiətlə birbaşa, ərkli, dogma münasibətinə mənfi təsir edir. Texnologiyanın yaratdığı rahatlıq və informasiya bolluğu insanı təbiətdən, habelə öz iç dünyasından uzaqlaşdıra bilir. Gerçəkliyə münasibətin adiləşməsi insanın mahiyyətcə həyatdakı hər şeyə heyrətinin azalması demək olur. Halbuki mifoloji duyumun mayasında məhz heyrətli, tərəddüdsüz inam dayanır.
Söhbətdə Şumer düşüncəsi ilə türk düşüncəsi, eləcə də Zərdüşt düşüncəsi ilə türk düşüncəsi arasında ruh, fikir doğmalığı məsələsinə də toxunulub. Xalq inanclarının mahiyyətindən danışan E.Qaliboğlu inancların insanların həm normal halının, həm də halsızlığının ifadəsi kimi yarandığını bildirib. İnancın formalaşmasında fitri etiqad, duyumla yanaşı qorxu, tərəddüd və qeyri-müəyyənlik də mühüm rol oynayır. Bu baxımdan bəzi inancları qorxu ilə qarışmış inam formaları kimi səciyyələndirmək mümkündür. Fobiya təməlli inanclar insanın özünəinamının zəif qaldığı, tərəddüd və qeyri-müəyyənliyin artdığı durumlarla əlaqələndirilə bilər.
Çağımızda uşaqların nağıl dinləməyə əvvəlki nəsillər qədər hövsələsinin çatmaması da söhbətin diqqətçəkən mövzularından olub. E.Qaliboğlunun fikrincə, əsas məsələ nağılı böyük həvəslə, ruhla çatdırmaq, dinləyicidə heyrət yaratmaqdır. Nağıl yalnız informasiya ötürmür, uşağın təxəyyülünü, yaradıcı düşüncəsini, mənəvi təsəvvürlərini formalaşdırır. Uşaq yaddaşını qorumaq həm də insanın mənəvi yaddaşını qorumaqdır. İnsan özündə uşaqlığın hikmətini, gəncliyin çılğınlığını, qocalığın ucalığını yaşatmalıdır: əslində bu, ixtisasımızdan asılı olmayaraq hər birimizin mənəvi borcudur.
Söhbətin aktual istiqamətlərindən biri süni intellekt və folklor məsələsi olub. E.Qaliboğlu süni intellektin ruhunun olmadığını, onun “folklor yaratmasının” insanın canlı (ruhlu) yaradıcılığı ilə eyniləşdirilməsinin mümkün olmadığını bildirib. Süni intellekt böyük informasiya kütləsini emal edir, sürətlə yeni mətnlər yaradır. Folklorun mayasında isə canlı, yaradıcı yaddaş durur. İnsanın mif yaddaşında dağ, dəniz, səma, bulaq, ağac və s. sadəcə anlayış yox, mənəvi təcrübənin daşıyıcısıdır. Nağıllarda xəyalın gerçəkliyi duyulur, söyləyici, duyumlu dinləyici yaddaşında da bu cür yaşayır. İnsanın heyrətlənmək, mənalandırmaq, xatırlamaq, özünün dünya ilə ruhən bağlılığını ifadə etmək ehtiyacı mahiyyətcə həmişə olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.