Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2026 15:45
  • A-
  • A
  • A+

“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilib

“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında “Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilib.

Muzeyin həyətində təşkil olunan sərgidə Azərbaycan ədəbiyyatının zəngin nümunələri, regionda yaşayıb-yaradan müəlliflərin əsərləri, eləcə də tanınmış Azərbaycan yazıçı və şairlərinin kitabları nümayiş etdirilib. Ekspozisiyada klassik ədəbiyyat, şifahi xalq ədəbiyyatı, publisistika, hərbi-vətənpərvərlik mövzusu, uşaq ədəbiyyatı və müasir ədəbi nümunələr yer alıb.

Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatını və mütaliə mədəniyyətini təbliğ etmək, yerli yazarların yaradıcılığını geniş ictimaiyyətə tanıtmaq, məktəblilərin və gənclərin kitaba marağını artırmaq olub.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək kitabın və mütaliənin cəmiyyətin mənəvi həyatındakı mühüm rolundan bəhs edib, bu kimi təşəbbüslərin ədəbi irsin təbliği və onun daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Akademik Rafael Hüseynov Xaqani Şirvani adına Aran Regional filialının Kürdəmir rayonunun mədəni inkişafına, ədəbi mühitinin zənginləşməsinə və yerli ziyalıların yaradıcılıq potensialının üzə çıxarılmasına verdiyi töhfələrdən danışıb. Muzey direktoru filialın təşəbbüsü ilə Kürdəmir ziyalılarının ədəbi yaradıcılığını əhatə edən, onların əsərlərini bir araya gətirən toplunun hazırlanması ideyasını irəli sürüb. Qeyd edib ki, belə bir nəşr rayonun ədəbi irsinin qorunması, yerli müəlliflərin yaradıcılığının tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malik ola bilər.

Akademik, həmçinin Kürdəmirin tanınmış ziyalılarını və nüfuzlu ictimaiyyət nümayəndələrini bir araya gətirərək rayonun ictimai-mədəni həyatına töhfə verəcək bir cəmiyyətin yaradılması arzusundan bəhs edib. Daha sonra sərgidə nümayiş olunan kitablarla tanış olan Rafael Hüseynov yerli müəlliflərlə görüşüb.

Tədbirdə regionda yaşayıb-yaradan, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Tofiq Abdullayev, Coşqun Xəliloğlu, Abduləziz Xanəhmədoğlu, Aida Adıgözəl, Yadigar Təvəkgül, Anar Gülümsoy və digər müəlliflər iştirak ediblər. Yazarlar öz kitablarını oxuculara təqdim edib, əsərlərinin mövzusu və yaradıcılıq axtarışları barədə söhbət aparıb, ədəbi nümunələr səsləndiriblər.

Qeyd edək ki, sərgidə rayonun idarə və müəssisələrinin nümayəndələri, məktəblilər və digər ziyarətçilər iştirak ediblər. Sərgi çərçivəsində regionda fəaliyyət göstərən şair və yazıçıların kitablarının satışı da təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: