AMEA-da Fəlsəfə və Sosiologiya İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş “Sabir Rüstəmxanlı – mütəfəkkir xalq şairi və istiqlal mübarizi” mövzusunda elmi konfrans keçirilib.
Elmi konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubiley tədbirlərinin şairin zəngin yaradıcılığına və ictimai fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Sabir Rüstəmxanlının “Şərəf” ordeni ilə təltif edilməsini şairin milli ədəbiyyatın inkişafına, ictimai fikrin formalaşmasına və Azərbaycanın müstəqillik ideallarının təbliğinə verdiyi töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz ifadəsi olduğunu vurğulayıb.
AMEA prezidenti Sabir Rüstəmxanlının “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı”, “Cavad xan” və “Ömür kitabı” kimi əsərlərinin ədəbiyyatımızda mühüm yer tutduğunu deyərək, bu əsərlərin milli tarixə, ana dilinə, xalqın yaddaşına və azadlıq ideallarına bağlılığın bədii ifadəsi olduğunu diqqətə çatdırıb. O, xüsusilə müəllifin “Ömür kitabı” əsərini xalqın tarixini və milli özünüdərkini əks etdirən sanballı əsər kimi səciyyələndirib.
Akademik İsa Həbibbəyli Sabir Rüstəmxanlının Qarabağ müharibəsi dövründəki ictimai mövqeyindən və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə verdiyi mənəvi dəstəkdən də bəhs edib. O, şairin Vətən müharibəsi zamanı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mübarizəyə dəstək verdiyini, bu mövzuda şeirlər və publisistik yazılarla çıxış etdiyini vurğulayıb. Həmçinin Sabir Rüstəmxanlının 2020-ci ildə qələmə aldığı “Qarabağa dönüş” poemasının xalqın Zəfər ruhunu, milli həmrəyliyi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ideyasını əks etdirdiyini bildirib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyəti adından Xalq şairi Sabir Rüstəmxanlını 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.
Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək Sabir Rüstəmxanlı ilə bağlı xatirələrin bölüşüb. O, şairin fəlsəfi düşüncə ilə milli-mənəvi dəyərlərin vəhdətini təşkil edən “Ömür kitabı”nı Azərbaycan xalqının tarixi yaddaşını və milli kimliyini əks etdirən nadir əsər kimi səciyyələndirib.
Professor İlham Məmmədzadə Sabir Rüstəmxanlının yaradıcılıq və ictimai-siyasi fəaliyyətinin şairin həyat yolunda bir-birini tamamladığını vurğulayıb. Direktor Sabir Rüstəmxanlını müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olmaqla yanaşı, milli düşüncənin və ictimai fikrin inkişafına töhfə verən mütəfəkkir kimi dəyərləndirib. O, dövlət tərəfindən şairin yaradıcılığına və xidmətlərinə göstərilən diqqəti yüksək qiymətləndirərək, onu yubiley münasibətilə təbrik edib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxışında Sabir Rüstəmxanlının dil məsələlərinə münasibətinə toxunaraq, onun Azərbaycan dilinin saflığının qorunması ilə beynəlxalq leksik vahidlərin dilə daxil olması arasında düzgün tarazlığın saxlanılmasını hər zaman müdafiə etdiyini bildirib. O, şairin ana dilinin imkanlarından səmərəli istifadə, çoxdillilik şəraitində milli dilin üstün mövqeyinin qorunması və gənclərdə dilə sevginin formalaşdırılması ilə bağlı fikirlərinin əhəmiyyətini vurğulayıb.
Professor Nadir Məmmədli Sabir Rüstəmxanlının türk xalqları arasında inteqrasiya prosesində hər bir xalqın öz dilinin və müstəqil inkişaf yolunun qorunmasına xüsusi önəm verdiyini qeyd edib. Direktor, həmçinin şairin Milli Məclisdə fəaliyyəti zamanı dövlət dilinin qanunvericilik aktlarında düzgün işlədilməsi məsələsini daim diqqətdə saxladığını bildirib.
Elmi konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Sabir Rüstəmxanlı yaradıcılığında tarixi Azərbaycan və milli məsələ”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şıxıyeva “Sabir Rüstəmxanlının ‘Ömür kitabı’ – milli ruhun və kimliyin oyanış düsturu”, filologiya elmləri doktoru, professor Salidə Şərifova “Sabir Rüstəmxanlı romanlarında mifoloji və fantastik amillərin əksi” və Vətən Müharibəsinin iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev “Sabir Rüstəmxanlının ‘Qarabağa dönüş’ poemasında ‘Məchul qəhrəman’ obrazının fəlsəfi təhlili” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin professor Rahid Uluselin “Sabir Rüstəmxanlı yaradıcılığı və milli özünüdərk fəlsəfəsi”, professor İlham Tahirovun “Sabir Rüstəmxanlının dili dilçiliyimizdə ilk mükəmməl korpusu nümunəsi kimi”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Sabir Rüstəmxanlı – Türk dünyasının görkəmli şairi və mütəfəkkiri”, şairə Asya Əhmədovanın “Sabir Rüstəmxanlı poeziyasında Xocalı harayı, işğalla mübarizəyə çağırış” mövzuları üzrə məruzələri dinlənilib.
Sonda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı yubiley tədbirinin təşkilinə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.
Konfrans çərçivəsində professor İlham Tahirovun “Sabir Rüstəmxanlının dilinin tezlik lüğəti” adlı kitabının təqdimatı da keçirilib. Kitabda Sabir Rüstəmxanlının dilinin tezlik-statistik modeli, leksik-semantik sahələri, metaforik sistemi və idiolekt xüsusiyyətləri korpus materialları əsasında təhlil olunur.
Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.