Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.10.2026 17:40
  • A-
  • A
  • A+

AMEA-da rəqəmsallaşma prosesinin genişləndirilməsi və yeni rəqəmsal hesabat modelinin tətbiqinə dair müşavirə keçirilib

AMEA-da rəqəmsallaşma prosesinin genişləndirilməsi və yeni rəqəmsal hesabat modelinin tətbiqinə dair müşavirə keçirilib

AMEA Rəyasət Heyətində Akademiyada rəqəmsallaşma prosesinin genişləndirilməsi, yeni rəqəmsal hesabat modelinin tətbiqi və türkologiya istiqamətində elmi fəaliyyətlərin sistemli təşkili məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən müşavirədə Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və elmi müəssisələrin aidiyyəti nümayəndələri iştirak ediblər.

AMEA prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında respublikanın yeni rəqəmsal inkişaf strategiyasından irəli gələn çağırışlara uyğun olaraq, Akademiyada fəaliyyətin səmərəli təşkil edilməsi, elmi müəssisə və təşkilatlarda yeni rəqəmsal modelin tətbiqi məsələlərinə toxunub. Akademik Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi vəzifələrə əsasən bu gün Akademiyanın idarə olunmasında rəqəmsal transformasiya proseslərinə inteqrasiyanın əhəmiyyətini diqqətə çatdırıb. 

Akademik İsa Həbibbəyli AMEA-nın institutlarında illik hesabatların yeni rəqəmsal qaydada təqdim olunması və bal sistemi ilə qiymətləndirilməyə keçidin qarşıda duran əsas vəzifələrdən olduğunu vurğulayıb. AMEA rəhbəri elmi müəssisələr arasında rəqəmsal hesabat modelinin ilk dəfə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tətbiq olunduğunu xatırladaraq, pilot layihənin növbəti icraçısı kimi Fəlsəfə və Sosiologiya İnstitutunun seçildiyini bildirib. Pilot layihəyə qoşulan institutların bu il elmi fəaliyyətin rəqəmsal qiymətləndirmə meyarlarına uyğun quraraq hazırlanacaq hesabatlarını yeni rəqəmsal model formatında təqdim edəcəklərini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə təlim, treninq və digər tədbirlərin keçirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova rəqəmsallaşma istiqamətində vaxtında atılmış addımları yüksək qiymətləndirib, mövcud fəaliyyəti əhatə edən müvafiq təlimatın hazırlanaraq institutlara təqdim edilməsinin vacibliyini bildirib.

AMEA-nın akademik-katibi, akademik Arif Həşimov rəqəmsal hesabat modelinin zəngin və dəqiq məlumatlılığı ilə fərqlənəcəyini, Akademiya sistemində bu fəaliyyətin tətbiqinin digər qurumlar üçün də qabaqcıl nümunə olacağını vurğulayıb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli yeni sistemin əməkdaşlara şəxsi kabinet vasitəsilə hesabatları elektron şəkildə təqdim etmək və nəticələri bal sistemi ilə izləmək imkanı verəcəyini bildirib. Həmçinin hesabatların elektron formatda təqdim olunmasının texniki detallarını, proqram təminatı üzərindən göndərilmə qaydaları izah edib.

AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Akademiyada rəqəmsallaşma prosesinin cari vəziyyəti, elektron xidmətlərin tətbiqi və hazırda icra olunan işlər barədə ətraflı məlumat verib.

Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsal biliklərin inkişafı üzrə keçirəcəyi təlimlərə AMEA əməkdaşlarının qeydiyyatının aparıldığını, təlimlərin növbəti mərhələləri barədə əməkdaşlara mütəmadi olaraq məlumat verildiyini bildirib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə mövcud yeni təcrübə əsasında rəqəmsallaşma şəraitində institutun fəaliyyətinin yenidən qurulması, eləcə də elmi müəssisələrdə süni intellekt və rəqəmsal imkanların səmərəli tətbiqinin əhəmiyyətini vurğulayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli qabaqcıl təcrübəni öyrənməyin və uğurlu modellərdən istifadə etməyin vacibliyini bildirərək, elmin rəqəmsallaşdırılmasının müasir elmi mühitin tələbi olduğunu deyib.

İnstitutun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov institutda rəqəmsallaşmanın mövcud potensialı, bu istiqamətdə görüləcək işlər və qarşıda duran vəzifələr haqqında çıxış edib.

Daha sonra müşavirədə akademik İsa Həbibbəyli  AMEA-da türkologiya istiqamətində elmi fəaliyyətlərin daha əhatəli həyata keçirilməsi, xüsusilə tədqiqatların sistemli təşkilinin vacibliyi bildirilib. Akademik qeyd olunan istiqamətdə son tədqiqatların nümunəsi kimi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfi tarixi (Qədim dövr)” adlı monoqrafiyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müşavirədə Faiq Ələkbərli Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Müşavirədə AMEA-da rəqəmsal hesabat modelinə keçid, elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi, elmi müəssisələrin rəqəmsal transformasiya proseslərinə inteqrasiyası və türkologiya istiqamətində elmi fəaliyyətlərin sistemli təşkili məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edilib ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunda və Folklor İnstitutunda da elmi hesabatların rəqəmsal qaydada hazırlanması nəzərdə tutulur.

Məlumat verilib ki, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin əməkdaşları Akademiya üzrə illik elmi hesabatların rəqəmsal modelini hazırlayıb.

Sonda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək müzakirə edilən məsələlərə dair müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: