16 oktyabr 2026-cı il tarixində AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda tarix elmləri doktoru, professor İradə Bağırovanın 70 illik yubileyinə həsr olunmuş “Azərbaycanın XIX–XX əsrlər tarixinin aktual problemləri dünya tarixi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan alimləri və tədqiqatçıları ilə yanaşı, xarici ölkələrin elmi ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Xarici alimlər konfransa onlayn şəkildə qoşularaq məruzələrini təqdim ediblər.
Konfransın plenar iclasını giriş sözü ilə Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq konfransın əhəmiyyətindən, Azərbaycanın XIX–XX əsrlər tarixinin araşdırılmasının aktuallığından bəhs edib. Şöbə müdiri İradə Bağırovanın elmi fəaliyyətinin və tarixşünaslığa verdiyi töhfələrin əhəmiyyətini vurğulayan professor Kərim Şükürov yubilyarı təbrik edib, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva çıxış edərək İradə Bağırovanın 70 illik yubileyinin beynəlxalq elmi konfrans çərçivəsində qeyd edilməsinin ölkə və xarici elmi ictimaiyyət üçün əlamətdar hadisə olduğunu bildirib. Akademik Gövhər Baxşəliyeva alimin elmi fəaliyyətinin, tarix elminin inkişafına verdiyi töhfələrin və tədqiqatlarının əhəmiyyətindən danışaraq yubilyara möhkəm cansağlığı və yeni elmi nailiyyətlər arzulayıb.
Akademik Nailə Vəlixanlı İradə Bağırovanın elmi fəaliyyətinə və tarix elminə verdiyi töhfələrə toxunaraq belə yubiley tədbirlərinin alimlərin fəaliyyətinin dəyərləndirilməsi, elmi təcrübənin bölüşülməsi və tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tarix və Etnologiya İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri akademik Nərgiz Axundova “Professor İradə Bağırovanın elmi tədqiqatlarının problematikası və əsas istiqamətləri”, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Elmə həsr olunmuş şərəfli alim ömrü: İradə Bağırova- 70” adlı məruzələrində alimin elmi fəaliyyətinə və həyat yoluna həsr olunmuş fikirlərini bölüşüblər.
Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İradə Bağırova “Elmi fəaliyyətimin əsas dövrləri: təcrübə və dərsləri” mövzusunda çıxış edərək elmi fəaliyyətinin əsas mərhələlərindən və tədqiqat təcrübəsindən danışıb.
Bölmələr üzrə davam edən beynəlxalq elmi konfransda Azərbaycanın XIX–XX əsrlər tarixinin müxtəlif istiqamətləri dünya tarixi kontekstində müzakirəyə çıxarılıb. Məruzələrdə dövlətçilik tarixi, siyasi proseslər, miqrasiya, etnodemoqrafik dəyişikliklər, mədəni transformasiyalar, neft sənayesi, parlamentarizm, sovet repressiyaları, milli oyanış və tarix təhsilinin aktual məsələləri əhatə olunub.
Konfransın birinci bölməsi “Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixinin aktual problemləri: dünya tarixi kontekstində” mövzusuna həsr olunub. Bölmənin moderatorları akademik Nərgiz Axundova və tarix elmləri doktoru, dosent İlqar Niftəliyev olublar.
Tarixi etnologiya şöbəsinin müdiri tarix elmləri doktoru, dosent İlhamə Məmmədova “Qacarlar dövründə Təbrizdə çap sənətinə dair”, böyük elmi işçisi Mətanət Bəhrəmova “Dərbənd xanlığının Azərbaycanın dövlətçilik tarixində yeri” mövzusunda çıxış edib. Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Həqiqət Zahidovanın “XIX–XX əsrlərdə Şamaxı bölgəsində sənətkarlıq: ənənə, ticarət və modernləşmə”, Naxçıvan Dövlət Universitetinin dosenti Qadir Əkbərovun “Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən aparılan etnik-siyasət və tarixi reallıqlar (XIX–XX əsrlər)”, Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin kiçik elmi işçisi Ayxan Mehdizadənin “XIX əsrin ilk otuzilliyində Azərbaycanın hərb tarixinin mənbəşünaslıq problemləri: Rusiya–İran müharibələri kontekstində”, tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazovun “XIX əsrdə Rusiya imperiyasında ilk türkdilli qəzet: iddialar, mülahizələr və gerçəkliklər”, tarix üzrə fəlsəfə doktoru, dosent Sahibə Budaqovanın “Zəngəzur diyarının tarixi coğrafiyası və əhalisinin etnik tərkibi (XIX əsrin I yarısı)”, tarix elmləri doktoru, dosent Vidadi Umudlunun “XIX əsrin ikinci yarısında Azərbaycan əhalisinin Anadoluya köçü Osmanlı arxiv sənədlərində” adlı məruzəsi dinlənilib.
Konfransda Moskva Şəhər Pedaqoji Universitetinin dosenti Yelena Sergeyevna Kiseleva “Rusiya imperiyasının Qars vilayətində torpaq-hüquq rejiminin dinamikası (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)”, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Əliyeva “Qafqazda pravoslav xristianlığın bərpası cəmiyyətinin Azərbaycandakı fəaliyyəti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri): dini siyasət və yerli əhalinin münasibəti” adlı məruzələrini çatdırıblar.
İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev “Azərbaycan və Anadolu əlaqələrində açılmamış səhifə: Əfəndizadələr (XIX əsrin sonu – XX əsrin əvvəlləri)”, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Xalid qızı Əliyeva “XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqazda milli-mədəni transformasiyaların tədqiqi məsələsinə dair”, tarix üzrə fəlsəfə doktoru, dosent Nailə Hüseynova “Avropa Neft İttifaqının Bakı neftinin dünya bazarındakı mövqeyində rolu”, Moskva Şəhər Pedaqoji Universitetinin dosenti, filologiya elmləri namizədi Natalya Valeryevna Kuznetsova “Bakı–Şamaxı dəmir yolu layihəsi və onun dəstəklənməsindən imtinanın səbəbləri (1908–1910)” mövzusunda çıxış edib.
Konfransın ikinci bölməsi “Azərbaycanın XX əsrin əvvəlləri – müasir dövr tarixinin aktual problemləri: dünya tarixi kontekstində” mövzusuna həsr olunub. Bölmənin moderatorları Azərbaycanın sovet dövrünün tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İkram Ağasıyev və Tarixşünaslıq, mənbəşünaslıq və tarixin nəzəriyyəsi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Vaqif Abışov olublar.
Tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Azərbaycanda sosialist partiya və təşkilatların fəaliyyətinin tədqiqinin aktuallığına dair (1917–1920-ci illər)”, tarix elmləri doktoru, dosent Vaqif Abışov “Bakıda hakimiyyət uğrunda mübarizənin tarixşünaslığı (1917–1918)”, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Dünya dilləri kafedrasının müəllimi Əsmər İbrahimova “Azərbaycan və Gürcüstanın 1918-ci ildə dövlət müstəqilliyinə gedən yolu: müqayisəli təhlil”, tarix elmləri doktoru, professor İkram Ağasıyev “Azərbaycan və Ermənistan arasında sərhəd məsələlərinin tədqiqi problemləri”, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “Azərbaycan SSR-də yerliləşdirmə siyasətinin xüsusiyyətləri (1920-ci illər)”, elmi işçi Aybəniz Osmanova “Azərbaycan SSR-də əlifba islahatının tarixinə dair”, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Mühacir ziyalı Hilal Münşünün elmi-publisistik irsində Azərbaycan tarixi məsələləri” mövzusunda çıxış ediblər.
Bolqarıstanın Yeni Bolqarıstan Universitetinin “Antropologiya” departamentinin rəhbəri tarix elmləri doktoru Milena Angelovna İvanova və Neofit Rilski adına Cənub-Qərb Universitetinin “Tarix” kafedrasının dosenti tarix elmləri doktoru Nurie Mehmedovna Muratova “Tarix, yaddaş və ictimai təqdimat: kommunist Bolqarıstanda müsəlman qadınlara qarşı siyasi repressiyalar” layihəsi çərçivəsində birgə məruzə təqdim ediblər.
Tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirova “Bolşeviklərin Türkiyə siyasəti”, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının doktorantı Nərgiz Kərimova “1920–1930-cu illərin sovet repressiyaları: Qərb tarixşünaslığında yanaşmalar”, Tarix və Etnologiya İnstitutunun doktorantı Günel Tağızadə “Etnodemoqrafik nəzarətin institusionallaşması: 1920–1930-cu illərdə Qafqazda ərazi bölgüsü və məcburi köçürmə təcrübələri”, baş elmi işçi tarix elmləri doktoru, dosent Tamilla Kərimova-Kocayeva “Sovetləşmə prosesində Azərbaycanda elmin institusional transformasiyası (1920–1945-ci illər)” adlı məruzə ilə çıxış edib.
Tarix və Etnologiya İnstitutunun Elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev “Azərbaycanda məktəb tarix təhsilinin müasir tendensiyaları” , tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Azərbaycan Respublikasında mədəniyyət və turizmin inkişafı tarixindən (1991-1993-cü illər)”, Bakı Dövlət Universitetinin tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının doktorantı İlahə İbrahimova “XX əsrin sonu XXI əsrin ilk onilliklərində Azərbaycan – Çexiya ikitərəfli münasibətlərində yeni mərhələ” mövzusunda çıxış ediblər.
Maraqlı çıxışlar ilə yadda qalan beynəlxalq konfrans Azərbaycanın XIX–XX əsrlər tarixinin aktual problemlərinin dünya tarixi kontekstində müzakirəsi ilə ilə yanaşı, yerli və xarici alimlər arasında elmi əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.