Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Fəridə Əzizovanın “Füzuli qəzəllərindən seçmələr” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın dünya füzulişünaslığının əsas mərkəzlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Məhəmməd Füzulinin yaradıcılığı dünyanın müxtəlif ölkələrində, xüsusilə türk dünyasında tədqiq olunmasına baxmayaraq, şairin irsinin öyrənilməsi və bu sahədə fundamental əsərlərin meydana gəlməsi baxımından Azərbaycan xüsusi mövqeyə malikdir.
AMEA prezidenti Füzuli irsinin tədqiqinə mühüm töhfələr vermiş görkəmli alimlər - akademik Həmid Araslı, akademik Məmməd Cəfər Cəfərov, AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə və digərlərinin xidmətlərindən bəhs edib. Vurğulayıb ki, sərgidə təqdim olunan kitabın başlıca xüsusiyyətlərindən biri Füzulinin qəzəllərinin müasir Azərbaycan dilinin prinsiplərinə uyğunlaşdırılaraq yeni nəsillərə daha anlaşıqlı şəkildə çatdırılmasıdır. Bu yanaşma klassik irsin sadələşdirilməsi ilə yanaşı, onun bədii-estetik mahiyyətinin, dil və üslub xüsusiyyətlərinin də qorunmaqla müasir oxucuya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Akademik İsa Həbibbəyli Füzulinin hər bir beyti və misrasının dərin məna yükünə malik olduğunu, şairin qəzəllərini müasir dilə uyğunlaşdırarkən onların məna qatlarını, poetik incəliklərini, vəznini və sənətkarlıq xüsusiyyətlərini qorumağın xüsusi elmi və yaradıcı yanaşma tələb etdiyini vurğulayıb. O, bu baxımdan kitabın müəllifi, professor Fəridə Əzizovanın əməyini yüksək qiymətləndirib.
AMEA rəhbəri professor Fəridə Əzizovanın Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədqiqatlarının Azərbaycan ədəbiyyatşünaslığına mühüm töhfələr verdiyini qeyd edib. Akademik İsa Həbibbəyli müəllifin təqdim olunan nəşrdə Füzuli irsini yeni baxış və yanaşma əsasında müasir oxucuya çatdırmaq missiyasını uğurla həyata keçirdiyini diqqətə çatdırıb.
Kitabın nəfis bədii tərtibatından da bəhs edən AMEA prezidenti nəşrin üz qabığında və kitabın daxilində yer alan təsvirlərin Füzulinin lirik qəhrəmanının obrazını, şairin sənət dünyasının ruhunu və estetik xüsusiyyətlərini qrafikanın dili ilə canlandıraraq nəşrin məzmununu tamamladığını söyləyib.
Akademik İsa Həbibbəyli “Füzuli qəzəllərindən seçmələr” kitabını klassik ədəbi irsin qorunması, təbliği və yeni nəsillərə çatdırılması istiqamətində mühüm nəşrlərdən biri kimi səciyyələndirib, kitabın müəllifini təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.
Sonra çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli nəşrin elmi və ədəbi əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Məhəmməd Füzulinin yaradıcılığının əsrlər boyu sevilməsi və bu gün də aktuallığını qoruyub saxlaması şairin ölməzliyinin göstəricisidir.
“Füzuli irsinin müasir oxucuya daha dolğun şəkildə çatdırılması milli mədəniyyətimizin və mənəvi dəyərlərimizin yaşadılması böyük önəm daşıyır. Füzuli oxucunu öz səviyyəsinə endirməyi deyil, oxucunu öz düşüncə və sənət səviyyəsinə yüksəltməyi hədəfləyən böyük sənətkardır”, - deyən akademik Teymur Kərimli şairin yaradıcılığını dərindən anlamağın xüsusi hazırlıq və intellektual səviyyə tələb etdiyini bildirib.
Akademik Teymur Kərimli kitabın müəllifi professor Fəridə Məmmədovanın nəşrdə təqdim etdiyi elmi yanaşmadan bəhs edərək əsərin oxucuda növbəti səhifələri oxumaq, şairin düşüncə dünyasına daha dərindən nüfuz etmək marağı yaratdığını söyləyib. O, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz”ü də yüksək dəyərləndirərək onu klassik ədəbiyyatımızın zənginliyini əhatə edən, elmi məzmunu ilə seçilən kiçik həcmli monoqrafik araşdırma kimi səciyyələndirib.
İnstitut direktoru bildirib ki, “Füzuli qəzəllərindən seçmələr” kitabı yalnız geniş oxucu auditoriyası üçün deyil, gələcəkdə Füzuli irsi ilə bağlı tədqiqatlar aparacaq gənc alimlər, doktorantlar və tədqiqatçılar üçün də dəyərli elmi mənbədir. O, nəşrin klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə və Füzuli yaradıcılığının yeni elmi baxışlar əsasında tədqiqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasimində, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, İraq Türkmənlərinin tanınmış nümayəndəsi, yazıçı, şair, Kərkük kültür dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi çıxış edərək nəşrin Azərbaycan ədəbiyyatşünaslığı və Füzuli irsinin müasir oxucuya çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Füzuli yaradıcılığının bədii-estetik xüsusiyyətləri, şairin zəngin poetik irsinin tədqiqi və onun əsərlərinin yeni nəsillər tərəfindən dərindən mənimsənilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda kitabın tərtibçisi və elmi redaktoru, professor Fəridə Əzizova nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, nəşrdə müasir Azərbaycan dilinə uyğunlaşdırılmış mətnlər oxucuların, xüsusilə gənc nəslin Füzuli yaradıcılığını daha dərindən anlamasına və klassik ədəbiyyata marağının artmasına xidmət edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.