Oktyabrın 22-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva bildirib ki, bugünkü iclasda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin “Müasir Azərbaycan dövlətçiliyi tarixi Qarabağ münaqişəsi bucağından (1918-2023)” mövzusunda məruzəsi dinləniləcək.
Sonra məruzəni təqdim edən tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxışında Azərbaycan dövlətçiliyi tarixini keçmiş Qarabağ münaqişəsi kontekstində nəzərdən keçirib, münaqişənin müxtəlif tarixi dövrlərdə həllini altı əsas amil – Dövlət, Lider, Ordu, Xalq, Millət və Güzəşt – bucağından təhlil edib, bu amillərin qarşılıqlı əlaqəsinin Qarabağ məsələsinin taleyini necə müəyyən etdiyi haqqında geniş məlumat verib.
Professor Solmaz Rüstəmova-Tohidi qeyd edib ki, “Dövlət” olmadan milli maraqların müdafiəsi mümkün deyildir. Onun sözlərinə görə, 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti məhdud imkanlarına baxmayaraq, Qarabağ üzərində öz suveren hüquqlarını bərpa və müdafiə etmişdir. Sovet dövründə bu məsələ dövlət müstəqilliyinin olmaması səbəbindən Azərbaycanın siyasi iradəsindən kənarda həll edilsə də, Qarabağ Azərbaycan dövlətinin tərkibində saxlanılmışdır. Alim diqqətə çatdırıb ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra isə Qarabağ məsələsi dövlət quruculuğunun əsas istiqamətinə çevrilmiş və tam həllini tapmışdır.
Onun fikrincə “Lider” amili bütün mərhələlərdə həlledici rol oynamışdır: “Tarixi təcrübə göstərir ki, mürəkkəb geosiyasi şəraitdə dövlətin məqsədlərini ardıcıl strategiyaya çevirən siyasi rəhbərlik olmadan milli məqsədlərə nail olmaq mümkün deyildir”.
Məruzəçi vurğulayıb ki, “Ordu” yalnız silahlı qüvvə deyil, dövlət suverenliyinin əsas təminatıdır: “Cümhuriyyət və Azərbaycan Respublikası dövrlərində Qarabağ münaqişəsinin həllində bu amil özünün tam təsdiqini tapmışdır. XX əsrin əvvəllərində ordu yaradılma mərhələsi keçməsinə və zəif hərbi imkanlarına baxmayaraq, işğal qarşısında belə öz əsas vəzifəsini yerinə yetirmiş, düşmənə qalib gəlmişdir. 1990-cı illərin əvvəllərində müstəqil ordunun formalaşma mərhələsində olması və sonrakı dövrdə peşəkar ordunun qurulması Qarabağ məsələsinin gedişinə birbaşa təsir göstərmişdir. 2020 və 2023-cü illər nümunəsi siyasi məqsədin yalnız güclü dövlət institutu və müasir ordu ilə reallaşdırıla biləcəyini təsdiq etmişdir”.
Müəllif bildirib ki, “Xalq” bütün dövlətçilik tarixində Qarabağ münaqişəsinin bütün ağırlığını öz üzərində daşıyan əsas sosial qüvvə kimi çıxış etmişdir. Müharibələr, qaçqınlıq, məcburi köçkünlük, iqtisadi çətinliklər və uzun illər davam edən gözləntilər Azərbaycan cəmiyyətinin kollektiv təcrübəsinin ayrılmaz hissəsinə çevrilmişdir. Xalqın dözümlülüyü və dövlətə dəstəyi milli məqsədlərin həyata keçirilməsinin mühüm dayağı olmuşdur.
Onun sözlərinə görə, “Millət” anlayışı Qarabağ münaqişəsi fonunda yalnız etnik məzmun daşımayaraq özünə ortaq tarixi yaddaş, Vətən, milli həmrəylik, dövlətçilik şüuru və gələcəyə yönəlmiş ümumi iradə kimi anlayışları ehtiva edir. Qarabağ məsələsi müstəqil Azərbaycanın milli identikliyinin formalaşmasında ən mühüm amillərdən birinə çevrilmişdir.
Güzəşt amilinə gəlincə professor Solmaz Rüstəmova-Tohidi Qarabağ məsələsinin ən mürəkkəb komponentlərindən biri olduğunu qeyd edib: “Tarixin müxtəlif mərhələlərində Azərbaycan müxtəlif səbəblərdən siyasi, hərbi və ya geosiyasi məhdudiyyətləri qəbul etməyə məcbur qalmışdır. Lakin bu güzəştlər heç bir mərhələdə dövlətin Qarabağ üzərində suverenlik iddiasından imtina etməsi anlamına gəlməmişdir. 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam faktiki nəzarəti bərpa etməsi ilə uzun müddət mövcud olmuş həmin məhdudiyyətlər və müvəqqəti kompromislər aradan qalxmışdır. Beləliklə, Qarabağ məsələsinin həlli təkcə hərbi qələbənin yekunu deyil. Bu, onilliklər boyu dövlət institutlarının qurulmasının, siyasi liderliyin, ordunun inkişafının, xalqın dözümlülüyünün, milli həmrəyliyin və strateji məqsəddən geri çəkilməməyin məcmu nəticəsidir”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü Şahbaz Muradov məruzənin aktual olduğunu vurğulayıb, öz fikirlərini bölüşüb.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati məsələlər də müzakirə olunub.
Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinin 2026-cı tədris ili üçün fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olunmuş doktorantların mövzularının təsdiq edilməsi məsələsi müzakirə edilib.
Həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinin 2027-ci il üçün fəlsəfə doktoru üzrə doktoranturaya qəbul planına dair təkliflər müzakirə edilib, qərar qəbul edilib, AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi və Qafqaz tarixi şöbələrinin bazasında Dünya və Qafqaz tarixi şöbəsinin yaradılması məsələsi müzakirə edilib.
Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.