AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində tanınmış yazıçı, publisist, millət vəkili İmamverdi İsmayılovun “Labirint” povestinin elmi təhlilinə həsr olunmuş seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Xəzər Universitetinin Folklor İnstitutunda təcrübə keçən tələbələr də iştirak ediblər.
Tədbirdə ilk olaraq Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “İmamverdi İsmayılovun “Labirint” povesti klassik və çağdaş folklor müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə povestin bədii strukturunda insanın daxili dünyası, psixoloji vəziyyəti və cəmiyyətlə münasibətlərinin təsvir xüsusiyyətləri araşdırılıb. Əsərdə obsesiv pozuntu, qəhrəmanın tənhalığı, eləcə də alın yazısı ilə bağlı xalq inanclarının bədii təcəssümü təhlil edilib.
L.Məmmədova qeyd edib ki, xalq ədəbiyyatı nümunələrinin əsərin məzmununa üzvi şəkildə daxil edilməsi İmamverdi İsmayılovun nəsrini milli-mədəni yaddaşla əlaqələndirir, onun bədii-estetik məna qatlarını zənginləşdirir. Məruzəçi müəllifin uşaqlıq illərində nənəsindən, anasından və digər ailə üzvlərindən eşitdiyi fikirlərin, eləcə də özünəməxsus ifadə tərzinin və bədii təsvir vasitələrinin ayrıca tədqiqat istiqaməti kimi əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu materialların öyrənilməsi ənənəvi folklor nümunələrinin müasir nəsrdə yenidən işlənməsi, yeni kontekstlərdə məna qazanması və fərdi müəllif yaradıcılığı ilə qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Labirint: itirilən yol, axtarılan mənzil” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi əsərdə ölüm mövzusunun insanın daxili qorxuları, tənhalığı, peşmanlıqları və həyatın mənasını axtarmaq cəhdləri ilə əlaqəsini şərh edib. O, labirint obrazının qəhrəmanın düşüncələrini, xatirələrini və cavabsız suallarını bir araya gətirən, onun daxili dünyasındakı mürəkkəbliyi ifadə edən simvolik məna daşıdığını vurğulayıb. Ana sevgisi, mərhəmət, xatirələr və ümidin isə insanın həyatla mənəvi bağlılığını qoruyan dəyərlər kimi əsərin ideya-bədii strukturunda mühüm yer tutduğu qeyd olunub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova ““Labirint” povestində folklor kodları və fəlsəfi məzmun” mövzusunda məruzə ilə çıxış edib. O, çağdaş Azərbaycan nəsrində folklor elementlərinin yeni bədii-fəlsəfi kontekstdə işlənməsi məsələsinə diqqət çəkib. Məruzədə povestin adı və labirint obrazının mifoloji-ədəbi semantikası, xalqın mərasim və inanc sistemi, paremioloji təfəkkürü, dini-mənəvi təsəvvürləri, eləcə də mifoloji simvolların əsərin ideya məzmununun formalaşmasındakı rolu təhlil olunub. G.Osmanova folklor düşüncəsi ilə fəlsəfi refleksiyanın əsərdə qarşılıqlı əlaqədə çıxış etdiyini, milli-mədəni yaddaşın həyat və ölüm, zaman və yaddaş, tənhalıq və ümid kimi universal mövzuların bədii şərhinə cəlb olunduğunu bildirib.
Seminarda filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayevanın ““Labirint” povestində folklor yaddaşının bədii-psixoloji təzahürü” mövzusunda məruzəsi də dinlənilib. Məruzəçi əsərdə yer alan xalq deyimlərini və hikmətli ifadələri personajların həyat təcrübəsi, taleyə münasibəti və mənəvi seçimləri kontekstində şərh edib. O, ənənəvi folklor nümunələri ilə müəllifin folklor üslubundan bəhrələnərək yaratdığı fərdi ifadələrin fərqləndirilməsinin elmi təhlil baxımından əhəmiyyətini vurğulayıb.
Məruzədə ana obrazı, Novruz mərasimi və tonqal ənənəsi, ölüm və yasla bağlı xalq təsəvvürləri, eləcə də fərdi və kollektiv yaddaşın qarşılıqlı əlaqəsi nəzərdən keçirilib. X.Ağayeva qeyd edib ki, folklor elementləri povestdə yalnız milli-mədəni ənənələrin qoruyucusu kimi çıxış etmir, həm də qəhrəmanın emosional vəziyyətinin, daxili ziddiyyətlərinin və mənəvi axtarışlarının bədii ifadəsinə xidmət edir. Bu baxımdan, ənənəvi folklor yaddaşı əsərin psixoloji məzmununu dərinləşdirən və fərdi təcrübəni kollektiv-mədəni təsəvvürlərlə əlaqələndirən mühüm məna qatlarından biri kimi səciyyələnir.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, əsərin folklor, ədəbiyyatşünaslıq və fəlsəfi düşüncə müstəvilərində təhlilinə dair suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.