AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Osmanlı sənədlərində Azərbaycan toponimi” mövzusunda elmi seminar keçirilib.
Seminarın sədri, institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımov institutda mütəmadi keçirilən elmi seminarların elmi düşüncənin inkişafı və aktual tədqiqat istiqamətlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bugünkü seminarda institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva-Önlenin təqdimatında “Osmanlı sənədlərində Azərbaycan toponimi” adlı məruzə dinləniləcək.
Z.Vəliyeva-Önlen məruzəsində Azərbaycan adının XVI əsrin sonundan XX əsrin əvvəlinə qədər Osmanlı dövlətinin qonşu ölkələr - Səfəvi, Qacar və Rusiya imperiyaları və eləcə də Azərbaycan xanları ilə apardığı diplomatik yazışmalarda, gizli məktublaşmalarda dəfələrlə qeyd olunduğunu bildirərək, Osmanlı sənədlərində bu adın “məmaliki-Azərbaycan”, “məmləkəti-Azərbaycan” və “vilayəti-Azərbaycan” şəkillərində keçdiyini qeyd edib. Məruzəçi Səfəvi dövləti zamanından Azərbaycanın həm cənub, həm də şimal əraziləri - Gəncə, Naxçıvan, İrəvan, Şamaxı, Şirvan və Təbriz əyalətlərinin “məmaliki-Azərbaycan” adı altında toplandığına görə həmin ifadənin öz əksini Osmanlı sənədlərində eyni şəkildə tapdığını, məmaliki-Azərbaycanın mərkəzinin bəzən Təbriz, Xoy və bəzən isə Qarabağ xanlığı olaraq göstərildiyini vurğulayıb.
Alim Vilayəti-Azərbaycan ifadəsinin də Səfəvilər zamanından istifadə edildiyini və Osmanlı sənədlərində tez-tez əks olunduğunu nəzərə çatdırıb.
Məruzədə Rusiya imperiyasının Şimali Azərbaycan ərazilərini işğal etməsindən sonra Osmanlı sənədlərində “məmaliki-Azərbaycan” adına rast gəlinmədiyi, lakin İranda - Qacar hakimiyyətində Azərbaycan vilayətinin öz varlığını davam etdirməsi səbəbi ilə həmin adın eyni formada - “vilayəti-Azərbaycan” şəklində sənədlərdə qeyd olunduğu bildirilib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.