Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.10.2026 12:48
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutu XII Bakı Beynəlxalq Kitab Sərgisində elmi nəşrləri ilə təmsil olunub

Memarlıq və İncəsənət İnstitutu XII Bakı Beynəlxalq Kitab Sərgisində elmi nəşrləri ilə təmsil olunub

Bakı Expo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi elm, mədəniyyət və ədəbiyyat nümayəndələrini bir araya gətirərək zəngin nəşr nümunələrinin geniş oxucu auditoriyasına təqdim olunması üçün mühüm platformaya çevrilib.

Sərgidə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və institutun bir qrup əməkdaşı iştirak  ediblər.

Yeddi gün davam edən sərgidə institutun 2025–2026-cı illərdə həyata keçirdiyi elmi tədqiqatların, araşdırmaların və yaradıcılıq fəaliyyətinin nəticələrini əks etdirən kitablar, monoqrafiyalar və digər elmi nəşrlər nümayiş etdirilib. Bu dövr ərzində institut əməkdaşlarının müəllifliyi və iştirakı ilə ümumilikdə 27 kitab işıq üzü görüb. Bu nəşrlər Azərbaycan memarlığı, təsviri sənəti, musiqisi, muğamşünaslığı, mədəniyyəti və incəsənətinin müxtəlif istiqamətlərini əhatə etməklə milli elmi irsin öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərgi ziyarətçilərinin marağına səbəb olan nəşrlər sırasında Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yaradıcılığına, milli musiqi irsinə, memarlıq tariximizə, şəhərsalma ənənələrinə və sənət nəzəriyyəsinə həsr olunmuş tədqiqat əsərləri xüsusi yer tutub.

İnstitutun sərgidə təqdim olunan nəşrləri arasında Ərtegin Salamzadə və Xəzər Zeynalovun “Təsviri sənətdə Heydər Əliyev obrazı”, İradə Köçərlinin “Fikrət Əmirov və milli musiqi irsi”, “Azərbaycan muğamşünaslığı” (məqalələr toplusu), Sevil Fərhadovanın “Исторические корни азербайджанского мугам-дастгяха” və “Обрядовая музыка Азербайджана”, Rahibə Əliyevanın “Nardaran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, kollektiv müəlliflər tərəfindən hazırlanmış “İrəvan memarlıq irsi”, Zemfira Səfərovanın “История музыки Азербайджана”, “Türk dünyasının müzik yıldızı Üzeyir Hacıbeyli” və “Патриарх азербайджанской музыки Узеир Гаджибейли”, Rəna Abdullayevanın “Культурология и теория искусства”, Zərnaz imanzadənin müəllifi olduğu 4 kitabı, eləcə də  Elçin F. Əliyevin “Восприятие визуальной формы в дизайне и искусстве”, “Вектор абстрактного в искусстве” və digər əsərlər yer alıb.

Təqdim olunan əsərlər yalnız ayrı-ayrı elmi istiqamətlər üzrə aparılan araşdırmaların nəticəsi deyil, həm də Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, milli sənət ənənələrinin və musiqi-memarlıq dəyərlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm mənbələrdir. Nəşrlərdə milli-mədəni irsin müxtəlif aspektlərinin elmi təhlili, görkəmli sənətkarların yaradıcılıq yolunun araşdırılması və Azərbaycan incəsənətinin beynəlxalq elmi-mədəni müstəvidə tanıdılması məsələləri öz əksini tapıb.

XII Bakı Beynəlxalq Kitab Sərgisində institutun nəşrlərinin nümayiş etdirilməsi elmi tədqiqatların ictimaiyyətə çatdırılması, müəlliflərin elmi axtarışlarının təbliği və milli mədəniyyətimizin zənginliyinin daha geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyətli hadisədir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: