ABŞ-ın Rays Universitetinin tədqiqatçılar qrupu protezlərin yaradılması sahəsində geniş tətbiq edilə biləcək möhkəmliyi ilə seçilən yeni ərinti icad edib.
hitech.newsru.com saytı yazır ki, yeni material yüksək temperaturda (Ti3Au) qızıl və titanın 3:1 nisbətində yaradılan ərintidir. Ərinti möhkəmliyinə görə adi titanı dörd dəfə üstələyir. Alimlər onu almaz örtüklü həvəngdəstə və dişicik vasitəsilə xırdalaya bilməyiblər. Bundan başqa, ərinti canlı hüceyrələr üçün zərərsizdir.
Alimlərin sözlərinə görə, yeni materialın bütün potensialı hələ tam müəyyənləşdirilməyib, lakin onun müxtəlif protezlərin yaradılması sahəsində titanı əvəzləməsi üçün cəlbedici olması şübhə doğurmur. Belə ki, müasir titandan hazırlanmış diz və bud-çanaq oynaq protezləri köhnəlir və 10 ildə bir dəfə dəyişməni tələb edir. Qızıl və titan ərintisindən istifadə protezlərin əvəz edilməsindən tam imtinaya imkan verməsə də, onların istismar müddətini xeyli artıra bilər.
Tədqiqatçılar qeyd edirlər ki, onların ərsəyə gətirdiyi materialın istehsalı nisbətən sadədir və yeni deyil. Lakin əvvəllər heç kim onun bu xüsusiyyətlərinə diqqət yetirməyib.
Professor Emiliya Morosan bildirib ki, ərintinin tətbiq edilə biləcəyi daha bir sahə qazma sənayesidir. Həmçinin material müxtəlif idman mallarının istehsalında potensial tətbiqi imkanlara malikdir.