Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 80 yaşı tamam olur
05.08.2016 09:28
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 80 yaşı tamam olur

Avqustun 8-də Azərbaycanın tanınmış tarixçi alimi, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədovanın 80 yaşı tamam olur.

Fəridə Məmmədova 1936-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Uni­ver­si­te­tinin (indiki BDU) tarix fakültə­sində təhsil al­mışdır. 1971-ci ildə fəlsəfə doktoru, 1987-ci ildə elmlər doktoru adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü se­çil­mişdir.

F.Məmmədova Azərbaycan tarix­şü­nas­­lığında ilk dəfə olaraq Azərbaycan Al­ba­ni­ya­sında feodalizmin genezisi prob­le­mi­ni təd­qiq etmişdir. Albaniyada feodalizm qu­ru­lu­şu­nun yaşanmasını elmi cəhətdən əsas­lan­dı­ra­raq, burada I-VII əsrlərdə ibtidai icma qu­ru­lu­şu­nun mövcudluğu barədə tarix­şü­nas­lıq­da ha­kim olan mövqenin yanlış olduğunu sübut et­miş­dir.

Alim Albaniyanın e.ə. IV – b.e.-nın VII əsrlərində sərhədlərini ilk dəfə müəyyən edə­rək, 6 xəritə tərtib etmiş, onun bütün dövlət atributları ilə varlığını müəyyən edərək bu dövlətin daxili və xarici siyasətini açıq­la­mış­dır. O, xristianlığın Albaniyada yayılması, elə­cə də alban kilsəsinin yaranma tarixini araş­dırmış, onun Qaf­qazda ən qədim həvari və avtokefal kilsə olmasını sübut etmiş, ilk də­fə alban hüququnun ən qədim abidəsini təd­qiq etmişdir. Qarabağla bağlı er­məni “elmi tə­cavüzü”nü ifşa və ermənilərin tarixi coğ­ra­fi­ya­sını tədqiq edə­rək, erməni dövlətinin müx­tə­lif dövrlərdə Kiçik Asiyada və müx­təlif ərazilərdə yaradıldığını sübut etmiş­dir.

F.Məmmədovanın Azərbaycan Alba­ni­­ya tarixinə dair nəşr olunmuş əsərləri, o cümlədən, “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğra­fi­yası” (Azərbaycan və rus dil­lə­rində) monoqrafiyası həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir.

Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 113-dən çox elmi əsərdə öz əksini tapmışdır.  Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır.

F.Məmmədovanın xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, “Şöhrət” ordeni ilə təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına, Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görülmüşdür.

Tanınmış elm mücahidini 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, tarix elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: