Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.09.2016 09:41
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib

Naxçıvan Bölməsində arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Xaraba-Gilan arxeoloji ekspedisyasının Naxçıvan MR Ordubad rayonu ərazisində 2016-ci ildə apardığı arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlarla bağlı geniş məlumat verərək muxtar respublikanın tarixinin öyrənilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba-Gilan arxeoloji ekspedisyası tərəfindən cari ildə Plovdağ arxeoloji abidələr kompleksində, Xaraba-Gilan orta əsrlər şəhər yerində arxeoloji tədqiqatlar aparılmış və tarixi əhəmiyyət daşıyan bir çox məlumat əldə edilmişdir. Qazıntı işlərində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da yaxından iştirak etmişlər.

Sonra ekspedisyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli əldə olunan yeniliklər barədə məlumat verib. Bildirib ki, Plovdağ arxeoloji abidələr kompleksində aparılan arxeoloji tədqiqatların əsas məqsədi nekropolların sərhədləri və ərazilərinin dəqiqləşdirilməsidir. Bu məqsədlə nekropolların, əsasən I, II və III nekrapolun şərq və şimal tərəflərində, II nekrapolun qərb tərəfində qəbir abidələri öyrənilib, sərhədləri müəyyən edilib. Eyni zamanda, orta tunc dövrünə aid içərisində səkkiz ox ucluğu olan ox qabı, sümükdən hazırlanmış dörd ədəd diş formasında  iri bəzək, əqiq və digər arxeoloji materiallar əldə olunub.

Bildirilib ki, ikinci maraqlı tapıntı ilk tunc dövrünə aid gil qabın üzərindəki reliyefik işarələr idi. Bu növ işarələrə həm Kültəpə abidəsində, eyni zamanda Baba Dərviş abidəsində rast gəlinib.

Qeyd edək ki, ərazidə Eldənizlər və Hülakilər dövrünə aid mis sikkələr də tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: