Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.10.2016 17:27
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində İsraildən olan nümayəndələrlə görüş keçirilib

AMEA Rəyasət Heyətində İsraildən olan nümayəndələrlə görüş keçirilib

Bu gün AMEA Rəyasət Heyətində İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Dr. Meir Zadok və Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon ilə görüş keçirilib. Azərbaycan ilə İsrail alimləri arasında kadr və təcrübə mübadiləsinin təşkili, əməkdaşlıq əlaqələrinin qurulması məsələlərinin müzakirəsi görüşün əsas məqsədi idi.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq onları Akademiyada görməkdən məmnun olduğunu bildirib. O, İsrailə səfəri haqqında fikirlərini bölüşərək bu ölkədə elm sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, səfər çərçivəsində onun geologiya sahəsinə aid monoqrafiyası Təl-Əviv Universitetinin dəstəyi ilə “Şpringer” nəşriyyatında çap edilmişdir.

AMEA rəhbəri qonaqlara tarixi əhəmiyyətə malik Rəyasət Heyətinin binası haqqında məlumat verərək, burada Azərbaycan elminin inkişafına xidmət edən mühüm qərarların qəbul edildiyini vurğulayıb. A.Əlizadə rəhbərlik etdiyi qurumun inkişafı və maddi-texniki bazasının gücləndirilməsində ölkə Prezidenti İlham Əliyevin xüsusi rolu olduğunu qeyd edib.

Alim AMEA-da artıq 2 ildir ki, magistratura təhsilinin həyata keçirildiyini, bu addımın ölkədə elm və təhsilin inteqrasiyasına xidmət etdiyini deyib. Bildirib ki, gələcəkdə elm sahəsində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə AMEA nəzdində universitetin yaradılması da nəzərdə tutulur.

Sonra çıxış edən Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon AMEA-nın bir sıra institut və təşkilatlarının fəaliyyəti ilə tanış olduğunu diqqətə çatdırıb. Qonaq İnformasiya Texnologiyaları İnstitutu və burada həyata keçirilən layihələrin, əldə olunan elmi nəticələrin onun xüsusi marağına səbəb olduğunu deyib. O, İsraildə fəaliyyət göstərən elmi müəssisə və qurumlardan söz açaraq, bu ölkədə tədqiqat institutlarının dövlətin tabeliyində fəaliyyət göstərdiklərini nəzərə çatdırıb. Akademiyanın Azərbaycan elminin inkişafı və dünyada tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.  

Görüşdə, həmçinin Azərbaycanda İsrailin elm sahəsindəki təcrübəsinin öyrənilməsi, iki ölkə arasında birgə layihə və tədqiqatların həyata keçirilməsi, o cümlədən kadr və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. 

Sonda A.Əlizadə israilli qonaqlara Akademiyanın fəaliyyətini əks etdirən xatirə hədiyyələri təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: