Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

14.10.2016 13:39
  • A-
  • A
  • A+

Akademik Midhət Abasovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

Akademik Midhət Abasovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

Oktyabrın 14-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və böyük elm təşkilatçısı, Azərbaycan dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Midhət Abasovun anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə böyük alim Midhət Abasovun elmi və ictimai-siyasi fəaliyyəti haqqında danışıb, alimin neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində fəaliyyətindən söz açıb. O, M.Abasovun Azərbaycanda elmi-ictimai düşüncənin formalaşmasında müstəsna rolunun olduğunu xüsusi vurğulayıb.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə görkəmli alimin şərəfli ömür yolundan, çoxşaxəli fəaliyyətindən bəhs edən “Neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alim” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, M.Abasov neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində görkəmli alim və bu sahədə tanınmış elmi məktəbin banisi və rəhbəri olmuşdur. Onun müxtəlif illərdə əldə etdiyi bir çox elmi nəticələr əhəmiyyətli elmi nailiyyətlər kimi SSRİ EA və Azərbaycan EA-nın illik hesabatlarına daxil edilmişdir. Alim Azərbaycanda bir sıra karbohidrogen yataqlarının ilk kəşfiyyatçılarından biri olmuşdur.

Qeyd olunub ki, 1976–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi, 1990–1997-ci illərdə Akademiyanın vitse-prezidenti vəzifələrində çalışmışdır. O, 1989-cu ildə 12-ci çağırış SSRİ Ali Sovetinə xalq deputatı seçilmiş, 1991–1992-ci illərdə isə Azərbaycan Respublikasının dövlət katibi işləmişdir. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Diqqətə çatdırılıb ki, M. Abasov 650-dən artıq elmi məqalənin, 16 monoqrafiyanın müəllifidir. O, bir sıra beynəlxalq elmi forum, konfrans və simpoziumlarda iştirak etmişdir. Alimin rəhbərliyi ilə 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanmışdır.

Tədbirdə AMEA-nın müxbir üzvü Zöhhak Abbasovun “Neft və qaz yataqlarının işlənilməsi sahəsində akademik Midhət Abasovun elmi məktəbi və onun nailiyyətləri”, AMEA-nın müxbir üzvü Qərib Calalovun “Akademik M.Abasovun Azərbaycanda neftqaz yataqlarının hidroqazdinamikası elmi sahəsində yaratdığı elmi məktəb və onun nailiyyətləri” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə çıxış edən Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru Əzizağa Şahverdiyev, yazıçı Seyran Səxavət və başqaları alimlə bağlı xatirələrini bölüşüblər, M.Abasovu təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Sonda mərhum alimin ailəsi adından çıxış edən oğlu Teymur Abasov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: