Oktyabrın 14-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda neftçi-alim, Azərbaycan dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Midhət Abasovun anadan olmasının 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
Tədbiri AMEA-nın müxbir üzvü Zöhhak Abbasov açaraq yubiley toplantısının əhəmiyyətindən danışıb. Bildirib ki, bugünkü elmi sessiyanın keçirilməsi mərhum akademikin xatirəsinə göstərilən ehtiramın təcəssümüdür.
Sonra görkəmli alimin elmi və ictimai-siyasi fəaliyyətinə həsr olunan məruzələr dinlənilib.
Akademik Hətəm Quliyev “Yer elmlərinin tədqiqində qeyri-klassik yanaşma”, AMEA-nın müxbir üzvü Qərib Calalov “Layların hidroqazdinamika üsulları və süzülmə modellərinin parametrik identifikasiyası” və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev “Akademik M.Abasovun rəhbərliyi ilə yerinə yetirilmiş elmi-praktik tədqiqatlar” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru Əzizağa Şahverdiyev və digərləri alimlə bağlı xatirələrini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.