Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2016 13:05
  • A-
  • A
  • A+

“Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirildi

“Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirildi

Oktyabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirildi.

Tədbir Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamı və AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli Qərarına əsasən Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin xatirəsinə həsr olunub.

Əvvəlcə tanınmış türkoloq-alim Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgiyə baxış keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamını xatırladaraq, birinci Türkoloji Qurultayın 90 illiyi silsiləsindən olan konfransın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O, Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Türkoloji Qurultaya dair yekun tədbirin bu ilin noyabr ayında təşkil olunacağını bildirdi.

AMEA-nın vitse-prezidenti Türkoloji Qurultayla bağlı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan şərqşünas və türkoloq alimlərin iştirakı ilə AMEA-da bir çox tədbirlərin keçirildiyini nəzərə çatdırdı. Oktyabrın 21-də Türkiyədə birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq simpoziumda iştirak etdiyini söyləyən akademik İ.Həbibbəyli tədbir çərçivəsində Türkoloji Qurultay dövründə çəkilmiş lentlərdən hazırlanmış filmin nümayiş olunduğunu bildirdi. Natiq ötən il AMEA-nın 70 illik yubileyi ərəfəsində bu yubileyə həsr olunan filmin çəkilişləri zamanı arxivlərdə aparılan axtarışlar zamanı Türkoloji Qurultaya aid iki dəqiqəlik filmin əldə olunduğunu da diqqətə çatdırdı.

Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən söz açan AMEA-nın vitse-prezidenti türkologiyanın inkişafında macar alimlərin rolunu xüsusi vurğuladı, konfransın ölkələrimiz arasında münasibətlərin və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Akademik, həmçinin türkologiya elminin inkişafında böyük xidmətləri olan G.Hazainin həyat və yaradıcılığı barədə məlumat verdi, onun Azərbaycan-Macarıstan ədəbi əlaqələrindəki rolundan bəhs etdi.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açdı, tədbirin türkologiyanın, türkoloji əlaqələrin inkişafına, formalaşmasına, nəticə və perspektivlərinə mühüm töhfə verəcəyini bildirdi.

Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada saxlanılan Hazai kolleksiyasının dünya kitabxana-informasiya məkanına inteqrasiyası barədə çıxış etdi. Bildirdi ki, Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün təxminən 1000 adda kitab və jurnal, 600-dək elmi məqalə, habelə bir sıra şəxsi arxiv materiallarını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlamışdır. L.İmanova bu ilin mart ayında kitabxanada türkoloq-alimə məxsus olan şəxsi kitab kolleksiyasının təqdimatının keçirildiyini diqqətə çatdırdı.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli və başqaları Azərbaycan və macar xalqları arasında elmi əlaqələrin bundan sonra da möhkəmləndirilməsi baxımından konfransın əhəmiyyətini vurğuladılar.

Sonda G.Hazainin qızı Sisilya Hazai atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: