Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2016 15:21
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda bölmənin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində kənd təsərrüfatı heyvanları və quşlarının sarcosporidiozu” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı”na və Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı”na dair Dövlət Proqramlarının müddəallarına əsasən, muxtar respublikada geniş təşkilati işlər aparılır. Belə ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradır.

Daha sonra bölmədə 2016-cı ildə həyata keçirilən elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması barədə Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edib.

Bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin vəziyyəti haqqında laboratoriya rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov məlumat verərək qeyd edib ki, Naxçıvan MR ərazisində yayılmış bəzi dərman bitkilərinin biomorfoloji və tibbi xüsusiyyətləri, dərman kimi istifadəsi təhlil edilməklə, inkişaf dinamikası, yayılması, fitokimyəvi tərkibi, elmi və xalq təbabətində istifadə imkanları öyrənilib. Bildirib ki, il ərzində aparılan tədqiqatlarla bağlı 10 elmi və 1 qəzet məqaləsi nəşr edilib, 9 elmi məqalə isə nəşrə təqdim olunub.

İclasda Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçiləri - aqrar elmlər üzrə fəlsəfə doktoru Günel Seyidzadənin və biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovun 2016-cı ilə dair elmi hesabatları dinlənilib.

Müzakirəyə çıxarılan növbəti məsələ dissertasiya mövzularının adında dəyişiklik edilməsi haqqında olub. Bölmənin Təhsil və kadrlar şöbəsinin rəisi Fillurə Sadıqova heyət üzvülərinin diqqətinə çatdırıb ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrində söz yaradıcılığı” və Təbii Ehtiyatlar İnstitutu Coğrafiya şöbəsinin kiçik elmi işçisi İlahə Seyidovanın “Naxçıvan MR-nın Arazboyu zonasında antropogen fəaliyyətin təsiri nəticəsində ekocoğrafi şəraitin tədqiqi” dissertasiya mövzularının adı dəyişdirilərək “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri”, digər dissertasiyanın adı isə “Naxçıvançay hövzəsinin təbii komponentlərinin landşaft planlaşdırılması üsulu ilə tədqiqi” adlandırılıb.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: