Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2016 09:31
  • A-
  • A
  • A+

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Erkən pliosen çöküntülərinin mənşəyi və lay dəstələrinin sinxronlaşdırılması” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq mövzunun əhəmiyyətindən, erkən pliosen çöküntülərinin mənşəyi və lay dəstələrinin sinxronlaşdırılması istiqamətində aparılan müasir tədqiqatların hazırki vəziyyətindən danışıb.

Daha sonra institutun Seysmostratiqrafiya şöbəsinin rəhbəri, akademik Pərviz Məmmədovun mövzu üzrə məruzəsi dinlənilib. Akademik bildirib ki, erkən pliosen çöküntüləri Cənubi Xəzər hövzəsinin çöküntü qatında öz fasial-formasion tərkibi, qalınlığı və neft-qazlılığı baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 1,7-2,1 mln il ərzində yaranmış 7-8 km iri dənəli, əsasən flüvial-delta mənşəli məhsuldar qırmızı rəngli qat (MQQ) regionda baş vermiş “Messini” hadisəsindən sonra kiçik göldə formalaşıbdır.

Məruzədə bildirilib ki, məhsuldar qatın (MQ) genezisi, erkən pliosendə çöküntütoplanma şəraiti dəstələrinin və s. haqqında nəzəri və praktiki əhəmiyyətli məsələlər müasir və səmərəli metodiki vasitələrlə yüksək elmi səviyyədə tədqiq edilmişdir.

Tədqiqatlar Delft, Kembric, Texas, Paris, Moskva universitetləri, MEBE, Dariyus elmi mərkəzləri və Şevron, BP neft şirkətləri  ilə əməkdaşlıq şəraitində birgə elmi layihələr, qrant təminatlı tədqiqatlar nəticəsində icra olunubdur. Elmi nəticələr AAPG, EAGE, SEG, EAOG və s. kimi beynəlxalq konfrans, simpoziumlarda məruzə olunmuş, nüfuzlu jurnal və toplularda dərc edilmişdir.

Qeyd edilib ki, tədqiqatların praktiki əhəmiyyətli nəticələrindən biri məhsuldar qat lay dəstələrinin pazlaşma zonalarının və qeyri-antiklinal tipli tələlərin aşkarlanması və xəritələnməsidir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Tədbir tədqiqatların nəticələrinə dair müzakirələrlə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: