Dekabrın 13-də AMEA-nın Əsas binasında görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. AMEA rəhbəri bildirib ki, Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi Aqil Əliyevin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub.
"Aqil Əliyev səhiyyə xidmətlərinin planlaşdırılması, ayrılan xərclərin dinamik artımının təmin edilməsi, demoqrafik inkişaf göstəricilərinin yaxşılaşdırılması istiqamətində araşdırmalar aparıb" - deyən A.Əlizadə alimin Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olduğunu qeyd edib. Bildirib ki, AMEA-nın müxbir üzvü Aqil Əliyev məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Alim uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuyub, kafedra müdiri vəzifəsində çalışıb.
AMEA-nın prezidenti görkəmli alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyib, onun 1982-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görüldüyünü, "Şöhrət" ordeni, "Səhiyyə əlaçısı" döş nişanı və bir sıra digər dövlət mükafatları ilə təltif olunduğunu xatırladıb.
Tədbirdə “Cəmiyyətşünaslığın iqtisadi əsaslarının sosial konsepsiyası” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır. Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqlar aradan qaldırılıb. O, bu həssas istiqamətdə baş verən prosesləri təqdim etmək üçün sosial siyasətdən daha çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük verib.
AMEA-nın vitse-prezidenti bildirib ki, görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb, beləliklə elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Bu mənada Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir.
Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək Aqil Əliyev haqqında xatirələrini bölüşüb. Görkəmli alimin həyat və elmi fəaliyyətindən danışan akademik onun yüksək insani keyfiyyətlərindən də bəhs edib.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru Nazim İmanov Aqil Əliyevin ötən əsrin son rübündə həyat səviyyəsinin problemləri üzrə Azərbaycanın ən tanınmış iqtisadçılarından biri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi.
Sonra Nazim İmanov "İqtisadi inkişaf və ictimai rifah" adlı təqdimatla çıxış edib.
Daha sonra AMEA-nın müxbir üzvü Şahbaz Muradovun "Əhalinin həyat səviyyəsi və keyfiyyət problemlərinin tədqiqi sahəsində görkəmli iqtisadçı alim", professor Qoşqar Əliyevin "Aqil Əliyevin elmi-pedaqoji və ictimai fəaliyyəti" və iqtisad üzrə elmlər doktoru, professor Rəna Sultanovanın "Görkəmli alimin şərəfli ömür yolu və müasirlik" adlı məruzələri dinlənilib.
Tədbir digər qonaqların Aqil Əliyevin həyat və elmi fəaliyyəti haqqında çıxışları ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.