AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) dövri mətbuat fondunun təqdimatı keçirilib.
Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi qurumda 2017-ci ilin ilk təqdimatının məhz dövri mətbuat fonduna aid olmasının əhəmiyyətindən, 2016-cı ilin yekunlarından və təşkilatın nailiyyətlərindən danışıb. Bildirib ki, ölkə kitabxanaları arasında ilk dəfə MEK-də elektron resursların istifadəsinə icazə verilib, müəllif hüquqları müqaviləsi tətbiq edilib və kitabxana tərəfindən “Nəşriyyat haqqında Qanun”a islahat yönümlü təkliflər verilib. MEK Azərbaycan kitabxanaları arasında Vahid İdarəetmə Sisteminin tətbiqinə başlayan ilk kitabxanadır. Kitabxanada Azərbaycanda ilk dəfə Milli Rəqəmsal Yaddaş layihəsi hazırlanıb, qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma prosesləri işlək səviyyəyə gətirilib.
Qeyd olunub ki, kitabxana Azərbaycanda türkdilli mənbələrin ən böyük elektron kataloquna (94000) malikdir. Elektron kataloqda və fondlarda rutin axtarış nəticəsində Azərbaycanda 17 ən qədim kitab aşkar edilib və rəqəmsallaşdırılıb.
L.İmanova Vikipediya elektron ensiklopediyasının Azərbaycan dili bölməsində məqalələrin redaktə edildiyini və yerləşdirilən məqalələrin sayının sürətlə artdığını bildirib. Diqqətə çatdırıb ki, Vikipediyada Azərbaycana aid materialların sistemli şəkildə peşəkar səviyyədə hazırlanması məqsədilə “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda AMEA institutları və kənar təşkilatlara təlimlər silsiləsinə başlanılıb və artıq 28 təlim keçirilib.
MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü görülən işlərin obyektiv şəkildə işıqlandırılmasında medianın rolundan danışıb.
Daha sonra kitabxananın İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Roksanə Səfərzadə təqdimatla çıxış edərək, MEK-in dövri mətbuat fondu barədə ətraflı məlumat verib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu MEK-in ictimai rəyə elmi, mədəniyyəti gətirməklə milli yaddaşın formalaşmasında, qorunmasında mühüm rol oynadığını qeyd edib. Kitabxanada mühüm işlərin həyata keçirildiyini söyləyən H.Babaoğlu Yaponiyanın ingilisdilli elmi jurnallarının MEK-ə gətirilməsi üçün təşəbbüs göstərilməsi təklifini irəli sürüb. O, həmçinin qəzetlərin gündəlik buraxılışının elektron formatda MEK-in elektron bazasında yerləşdirilməsini təklif edib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Güllü Yoloğlu, Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, AMEA-nın “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov MEK-in arxivində saxlanılan qiymətli sənədlərin əhəmiyyətindən, burada göstərilən xidmətin səviyyəsindən bəhs ediblər.
Sonda tədbir iştirakçıları kitabxananın fondları və dövri mətbuatın saxlanıldığı arxivi ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.