Fevralın 7-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov yeni təsis olunan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüşüb.
Görüşdə institutun direktoru, akademik İradə Hüseynova Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib. O, ölkəmizdə fevralın 2-nin Gənclər Günü elan olunması tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Bildirilib ki, məhz ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il fevralın 2-də Ümummilli Liderin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, 1997-ci ildən isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb.
Akademik rəhbərlik etdiyi müəssisənin gənc alim və mütəxəssislərinin uğurlarından danışaraq bildirib ki, müxtəlif illərdə elm nominasiyası üzrə “Gənclər üçün Prezident Mükafatı”na AMEA-dan təqdim olunan namizədlər sırasında institutun gəncləri də olmuşdur.
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxış edərək institutda yeni yaradılmış Şuranın aktiv fəaliyyəti ilə fərqləndiyini, Akademiyada Gənc Alim və Mütəxəssislər Şurasının həyata keçirtdiyi layihələrdə Şura üzvlərinin yaxından iştirak etdiyini xüsusi vurğulayıb. Natiq AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci ilin fəaliyyət planı haqqında da məlumat verərək bildirib ki, cari ildə Magistr - 2017, Texnostart - 2017 və bu kimi digər layihələrin reallaşdırılması nəzərdə tutulur. Əsas məqsəd AMEA-nın elmi müəssisələrində fəaliyyət göstərən gənc alim, magistr, doktorant və dissertantların elmi faəliyyətlərinə dəstək olmaq, onların innovativ elmi tədqiqatlar sahəsindəki təşəbbüslərini stimullaşdırmaqdır.
Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Ulduzə Qurbanova Şuranın ötən ildəki fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə institutun magistrantları Cəmilə Bayramova, Elnarə Sadıqova, Elşən Musazadə, gənc alim Gülnarə Balakişiyeva və doktorant Nərgiz Bayramova AMEA-da magistatura təhsili, doktorant və dissertantlar üçün yaradılan şəraitdən, mövcud maddi-teniki bazadan və qısa müddətdə qazandıqları uğurlardan bəhs ediblər.
Tədbirin sonunda Şura sədri institutda magistr və doktorantlar üçün yaradılan şəraitlə yaxından tanış olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.