Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.02.2017 09:35
  • A-
  • A
  • A+

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında  əməkdaşlıq perspektivləri müzakirə olunub

Fevralın 8-də Birləşmiş Krallığın “Millers Oils LTD” şirkətinin icraçı direktoru Jamie Ryan və şirkətin Biznesin inkişafı departamentinin müdiri Martin Gough AMEA Rəyasət Heyətində olublar.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq onları Akademiyada görməkdən məmnun olduğunu bildirib. Alim diqqətə çatdırıb ki, son illərdə AMEA-da innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətlərinin qurulması istiqamətində dünya təcrübəsi öyrənilib, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılıb. Elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində işlərin davam etdiyini deyən akademik Akif Əlizadə “Millers Oils LTD” şirkəti ilə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.

Şirkətin icraçı direktoru Jamie Ryan isə öz növbəsində AMEA ilə əməkdaşlığa önəm verdiklərini və qısa zamanda əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və vitse-prezident v.i.e., akademik Dilqəm Tağıyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və “AMEA Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Sənan Abdullayev də iştirak ediblər.

“Millers Oils LTD” şirkətinin nümayəndələri AMEA-nın Yüksək Texnologiyalar Parkında da olublar. Britaniyalı qonaqlar AMEA ilə şirkət arasında əməkdaşlıq perspektivlərini öyrənmək məqsədilə istehsal prosesi ilə tanış olublar.

İşlər İdarəsinin müdiri Fətəli Abdullayev şirkətin nümayəndələrinə Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Parkın əsas vəzifəsi elmin istehsalata tətbiqi, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir. Fətəli Abdullayev Texnologiyalar Parkında müxtəlif mühərrik, kompressor və hidravlik yağları, plastik sürtgü materialları kimi 45 adda innovativ məhsulun istehsal olunduğunu qeyd edib. O, istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək standartlara cavab verməsini təsdiq edən ISO sertifikatlarının alındığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: