Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2017 17:56
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsi elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqda hesabat verib

AMEA-nın Naxçıvan Bölməsi elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqda hesabat verib

Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bölmə üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqda məruzə edib.

Sədr bölmənin fəaliyyəti haqqında geniş məlumat verərək Nax­çıvan ta­ri­xi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, tə­bii sər­vətləri, flora və fau­nasının sistemli şəkil­də öy­rənildiyini bildirib. Hesabat ilində bir sıra nailiyyətlərin əldə olunduğunu nəzərə çatdıran İ.Hacıyevin sözlərinə görə, 6 prоblemi əhatə edən 7 mövzuda 81 mər­hələdə 31 iş üzrə tədqiqatlar aparılıb. O, 76 mərhələ üzrə işlərin artıq tamamlandığını, bölmə əməkdaşları tərəfindən 3 tətbiqyönümlü patentin alındığını, 5 qrant layihəsinin həyata keçirildiyini bildirib.

İsmayıl Hacıyev 2016-cı ildə elmlə təhsilin inteqrasiyası istiqamətində mühüm işlərin görüldüyünü, bölmə əməkdaşlarının Naxçıvan Dövlət Universite­ti, Naxçı­van Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda, eləcə də orta məktəblərdə pedoqoji fəaliyyətlə məşğul olduqlarını qeyd edib. Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verərək, ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, Bosniya-Herseqovina, Türkiyə, Rusiya, Qazaxıstan, İran və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavi­lə­lərinin imzalandığını söyləyib.

2016-cı ildə Seysmoloji Xidmət Mərkəzinin və İnformasiya Kommunikasiya Texnologiyası kabinəsinin istifadəyə verildiyini deyən akademik bölmənin ki­tabxa­na­sında 123 kitabın elektron variantının hazırlanaraq www.ameanb.nakhchivan.az saytında və kitabxananın da­xili şəbə­kəsin­də yerləşdirildiyini vurğulayıb.

İsmayıl Hacıyev bölmənin nəşriyyatçılıq fəaliyyəti və kadr hazırlığı məsələlərinə də  toxunub: “Hesabat ilində 3-ü xaricdə olmaqla 23 mono­qrafiya, biri xaricdə olmaqla 14 kitab, 4 metodik vəsait, 137-ü xaricdə olmaqla 560 məqalə və konfrans materialı və 7-si xaricdə olmaqla 15 tezis çap olunub. Elmi müəssisələrin alimləri impakt fak­torlu jur­nallarda 29 məqalə dərc etdirib, 26 beynəlxalq sim­pozi­um və konfransda məruzələrlə çıxış ediblər.

2016-cı ildə 7 əməkdaşa dosent elmi adı verilib, fəlsəfə doktorluğu üzrə 6 dissertasiya işi müdafiə edilib, elm­lər doktorluğu üzrə isə 2 elmi iş AAK-a təqdim olunub”.

Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab olunub. Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərən­camların, Dövlət proqramlarının icrası istiqamətində fəaliyyətin gücləndirilməsi, multidissiplinar mövzular üzrə birgə elmi tədbirlərin təşkili, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərə dair tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: