Radiasiya Problemləri İnstitutunda AMEA Gənc Alim və Mütəxəssislər Şurası və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Radioaktivlik, ionlaşdırıcı şüalar, onun növləri, əsas xüsusiyyətləri, ölçü vahidləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda BDU-nun Fizika fakültəsinin 30-a yaxın tələbəsi iştirak edib.
Tədbirdə şura sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov seminarın əhəmiyyətindən, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri olan elmlə təhsilin inteqrasiyasından, həmçinin mövcud perspektivlərdən danışıb.
Daha sonra Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Radioaktivlik, ionlaşdırıcı şüalar, onun növləri, əsas xüsusiyyətləri, ölçü vahidləri” mövzusunda məruzəsini təqdim edib. Alim məruzəsində institutun yaranma tarixi, mövcud laboratoriyaların fəaliyyət istiqamətləri, radiasiya təhlükəsizliyi, enerji resursları, nüvə energetikası və çirklənmələri barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.