Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın tarixindən bəhs edən nəşrlərin təqdimatı keçirilib
25.04.2017 15:52
  • A-
  • A
  • A+

Naxçıvanın tarixindən bəhs edən nəşrlərin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində “Naxçıvanın tarixi abidələri” və “Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitabların təqdimatı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamı əsasında bu diyarda tədqiqatların aparıldığını bildirib. Qeyd edib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyevanın həmmüəllifi olduqları “Naxçıvanın tarixi abidələri” adlı dərslikdə arxeoloji araşdırmalar zamanı aşkarlanan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib.

Bölmə sədri “Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” kitabı barədə də məlumat verərək nəşrdə I Kültəpə yaşayış yerində aparılan tədqiqatların nəticələrinin işıqlandırıldığını deyib. Bildirib ki, kitab AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro, Remi Berthon və Savaş Sarıaltunun həmmüəllifliyi ilə ərsəyə gəlib.

Sonra Z.Quliyeva “Naxçıvanın tarixi və arxeoloji abidələri Naxçıvan tarixinin öyrənilməsi üçün mühüm mənbədir” mövzusunda məruzəsini təqdim edib. Alim bölmədə yerli arxeoloji ekspedisiya qrupunun yaradıldığını, Ərəbyengicə abidəsi, Yeni yol və I Kültəpə yaşayış yerlərində aparılan qazıntılar zamanı qiymətli materialların əldə olunduğunu diqqətə çatdırıb.

Təqdimatda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzv Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və digərləri ictimaiyyətə təqdim olunan hər iki kitabı Naxçıvan tarixinin öyrənilməsi baxımından dəyərli mənbə kimi dəyərləndiriblər.

Tədbir çərçivəsində e.ə. VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində və onun ətrafında aparılan elmi tədqiqatları əks etdirən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: