Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2017 16:46
  • A-
  • A
  • A+

Lənkəranda keçirilən beynəlxalq konfransın bağlanış mərasimi olub

Lənkəranda keçirilən beynəlxalq konfransın bağlanış mərasimi olub

Lənkəran şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın bağlanış mərasimi olub.

Mərasimdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək Lənkəranın Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu söyləyib və tədbirin iştirakçılarına minnətdarlığını bildirib. Y.Mahmudov qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan çıxışlarında Xocalı soyqırımının törədilməsində iştirakını təsdiqləsə də, dünya ictimaiyyəti onun bu bəyanatlarına məhəl qoymur: "Əgər böyük dövlətlər tarixi həqiqətlərə söykənsəydilər, bu gün dünyada yaşanan müharibələr, qanlı toqquşmalar baş verməzdi".

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək dünyanın tanınmış elm adamlarının Lənkəranda bir araya gəlməsini və türk-müsəlman xalqlarına qarşı həyata keçirilən soyqırımları ilə bağlı müzakirələrin aparılmasını rayonun ictimai-siyasi həyatında tarixi hadisə kimi qiymətləndirib.

Mərasimdə Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri, professor Mehmet Ali Beyhan, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun başqanı, professor Refiq Turan və digərləri çıxış edərək konfransda son 200 ildə türk-müsəlman xalqlarına qarşı sistemli şəkildə yeridilmiş soyqırımı, deportasiya, repressiya siyasəti və bunun ağır nəticələri ilə bağlı alimlərin çıxışlarını, məruzələri yüksək dəyərləndiriblər.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dünya ictimaiyyətinə müraciət qəbul olunub.

Konfrans iştirakçıları Lənkəran şəhərindəki Şəhidlər xiyabanına, Azərbaycanlıların Soyqırımı Abidə Kompleksinə, Həzi Aslanov parkına və Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, Sütəmurdov kəndinə və Gərmətük qəsəbəsinə gedərək, burada erməni daşnaklarının 1918-ci ildə törətdikləri vəhşiliklərə şahidlik edən məzarlıq və məsciddə olublar.

Qonaqlar, həmçinin Lənkəran rayonunun Şıxəkəran kəndində “Şeyx Zahid”, Astaranın Pensər kəndində “Şeyx Camaləddin” türbələrini, türk zabiti Camal Paşanın məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: