Bu gün AMEA Geologiya İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş nitqi ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının köklərinin əslində daha keçmişə getdiyini vurğulamış, ermənilərin əsrlər boyu türklərə nifrət bəslədiklərini bildirdi. Xocalı şəhərinin bir gecənin içində yer üzündən tamamilə silindiyini təəssüf hissi ilə vurğulayan O.Abbasov qeyd etdi ki, faciənin miqyası son dərəcə böyük və dəhşətli olmasına baxmayaraq, indiyədək beynəlxalq ictimaiyyət bu hadisəyə hüquqi qiymət verməmiş, cinayətkarlar öz layiqli cəzalarını almamışlar.
22 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə ətraflı danışan AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Günay Allahverdiyeva qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 613 nəfər dinc insanı qəddarcasına öldürən, 1275 nəfəri əsir və girov götürən erməni daşnaklarının bu hərəkəti insanlığa qarşı qanlı cinayətdir. G.Allahverdiyeva əminliklə vurğuladı ki, nahaq qan yerdə qalmayacaq, cinayətkarlar gec-tez öz cəzalarına çatacaqlar.
AMEA Geologiya İnstitutunun əməkdaşı, şair-publisist Elşad Barat Xocalı soyqırımının daim gündəmdə saxlanmasının vacibliyini qeyd etdi. Sonda şair Xocalı soyqırımının həqiqətlərindən bəhs edən şeir səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.