Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2017 17:06
  • A-
  • A
  • A+

Görkəmli alim Əjdər Fərzəlinin xatirəsi anılıb

Görkəmli alim Əjdər Fərzəlinin xatirəsi anılıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan Klubunda görkəmli alim, Gəmiqaya - Qobustan əlifbasını kəşf edən tədqiqatçı, publisist, şair Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Tədbirdə AYB-nin katibi Rəşad Məcid çıxış edərək Ə.Fərzəlinin həyat və yaradıcılığından söhbət açıb, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, alim-şairin yaradıcılıq irsinə 19 kitab, 300-dən çox elmi məqalə daxildir.

Ə.Fərzəlinin 1976-cı ildən ömrünün sonunadək əsas gücünü “Gəmiqaya-Qobustan” abidələrinin tədqiqinə sərf etdiyini söyləyən R.Məcid ədibin bu abidələrlə bağlı silsilə monoqrafiyalarında irəli sürdüyü fikirlərin, apardığı elmi təhlillərin, çıxardığı nəticələrin sonralar alimlərin yeni-yeni tədqiqatları ilə təsdiqləndiyini söyləyib. R.Məcid şairin Kitabi-Dədə Qorqud ensiklopediyasının hazırlanmasındakı xidmətlərini xüsusi vurğulayıb.

Sonra AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli “Əjdər Fərzəlinin elmi və bədii yaradıcılığı” mövzusunda məruzəsini təqdim edib. Məruzədə qeyd edilib ki, Ə.Fərzəli “Gəmiqaya-Qobustan” rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edib. Onun mühüm kəşflərindən biri də çoxşəkilli-çoxişarəli qədim Azərbaycan əlifbasıdır.

A.Rüstəmli ədibin həyatı boyunca milli ruh axtarışında olduğunu, dağlara və çaylara yerli toponimlərin verilməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, ədəbiyyat və elm xəzinəmizə “Yolçu, yolun uzaqdır, ”Dədə Qorqud yolu”, “Torpaqdan səs gəlir”, “Yanır bütün pərvanələr”, “Körpü”, “Azadlıq dilində danışaq”, “Nizami zirvəsi”, “Hamı yenidən doğulmalıdır”, “Dədə Qorqud sözü”, “Salam, Layısqı dağları” kimi onlarla kitablar bəxş edən şairin xatirəsi ürəklərdə yaşayacaq.

Daha sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu görkəmli alimin dilçiliyin mühüm sahəsi olan etimologiyanın əsas prinsiplərini elmi baxımdan tədqiq etdiyini bildirib. Ə.Fərzəlinin son 2500 il ərzində etimologiyanın keçdiyi inkişaf mərhələlərini ardıcıllıqla izlədiyini deyən M.Nağısoylu onun tədqiqatlarının Azərbaycan tarixinə yeniliklər gətirdiyini qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor Buludxan Xəlilov, şair-publisist Əli Rza Xələfli və başqaları Ə.Fərzəlinin yaradıcılığından, elmi-ədəbi xidmətlərindən danışaraq onunla bağlı xatirələrini bölüşüblər. 

Tədbir çərçivəsində Milli Kitabxananın şairin xatirəsinə ithaf olaraq ikinci dəfə nəşr etdirdiyi “Gəmiqaya-Qobustan mədəniyyəti” kitabının təqdimatı keçirilib.

Sonda Ə.Fərzəlinin şeirləri və qəzəlləri əsasında mahnı, muğam ifaları səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: